Ombudsman Aparatının əməkdaşı “Susma, səsini eşitdir!” layihəsi çərçivəsində təşkil olunmuş tədbirdə iştirak edib

img

Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbdə tədbir təşkil olunub.


Bakı şəhəri 4, 69 və 259 nömrəli tam orta məktəblərinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Raidə Əmirbəyova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Balaxanı qəsəbə bələdiyyəsinin, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, məktəblərin direktorları, müəllim və şagird heyəti iştirak ediblər.

Rezonans.az xəbər verir ki, R.Əmirbəyova çıxışında gender bərabərliyinin təmini ilə bağlı layihələr, Ombudsman Aparatı tərəfindən qadın və uşaq hüquqlarının təminatı və gender probleminin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Tədbir çərçivəsində məktəblilər bullinq, məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları və onların fəsadları mövzuları üzrə hazırladıqları səhnəcikləri nümayiş etdiriblər.

Sonda “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində fəal iştirak edən məktəblilər diplom və hədiyyələrlə təltif olunublar.

Xəbəri paylaş: