
Son zamanlar sosial-şəbəkələrdə, bəzi vətəndaşlar və xəbər portalları özlərinə diqqət çəkmək məqsədi ilə əhali arasında vahimə yaradacaq dezinformasiya yaymaqla məşğuldurlar.
Bu mövzu barədə Rezonans.az-a Azərbaycan Vətənpərvərlər Birliyinin sədri Rauf Bayrambəyli münasibət bildirib.
O qeyd edib ki, çox təəssüf əksər sosial şəbəkə platformalarında belə hallara çox tez-tez rast gəlinir. Gah müharibə olacağı barədə, gah kimlərinsə öldüyü barədə, gah fərqli dinə sitayiş edənlər arasında qanlı savaşların baş verəcəyi barədə və .s. kimi saxta xəbərlər paylaşılır.
Bu tip mövzular paylaşan vətəndaşlar və xəbər portalları bilməlidirlər ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsinə əsasən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vətəndaşlara tövsiyyə edirik ki, paylaşılan xəbərlərin mənbələrinə diqqət etsinlər və arzuolunandır ki, rəsmi məlumatlara etimad etsinlər deyə" - Rauf Bayrambəyli bildirib.