Türkiyədə Ukrayna ilə bağlı beynəlxalq görüş hazırlanır, lakin iştirakçılar və tarixlə bağlı hələlik dəqiq məlumat yoxdur.
Rezonans.az xəbər verir ki, bu barədə "RİA Novosti" Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Bəli, belə bir görüş hazırlanır. Amma hələ ki, tarix və iştirakçılar barədə dəqiq məlumat yoxdur", - deyə agentliyin həmsöhbəti qeyd edib.
Bildirilir ki, Türkiyə hakimiyyəti 2023-cü ilin oktyabrında Ukraynadakı münaqişənin həllinə həsr olunmuş beynəlxalq toplantı keçirməyə hazırlaşır.
Bundan əvvəl Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, Qərb ölkələrinin sanksiyalara məruz qalan malların Türkiyə vasitəsilə Rusiyaya daxil olması ilə bağlı ittihamları həqiqətə uyğun deyil, Ankara Moskva ilə ölkə daxilində istehsal olunan mallarla ticarət edir. O, həmçinin qeyd edib ki, Avropa ölkələrinin bir çox şirkətləri üçüncü ölkələr vasitəsilə Rusiya bazarlarına çıxmaq istəyirlər.