FHN-in yaradılmasının 18-ci ildönümü ilə bağlı iclas keçirilib

img

Bu gün Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.

Rezonans.az xəbər verir ki, əvvəlcə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. 

Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən iclas Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə, əvvəlcə, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar hazırladığı “Heydər Əliyev və əhalinin təhlükəsizliyi” mövzusunda film nümayiş olunub.

İclasda çıxış edən nazir Kəmaləddin Heydərov 2023-cü ilin - Azərbaycan xalqının böyük ehtiram və fəxarət hissi ilə qeyd etdiyi “Heydər Əliyev İli”nin tariximizə taleyüklü əhəmiyyətli hadisələrlə - möhtəşəm uğurlar, hərbi zəfərlər və strateji hədəflərin reallaşması ilə həkk olunduğunu deyib. 2020-ci ildə Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunması və parlaq Zəfər qazanılmasını dövlətçilik tariximizin ən mühüm hadisəsi kimi qiymətləndirən nazir Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bu il sentyabrın 19-da keçirilən və 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpasını qürur hissi ilə xatırladıb.

Nazir onu da bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri, tibb personalı və digər mütəxəssisləri cari ilin fevral ayında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, axtarış-xilasetmə əməliyyatlarının aparılması, əhaliyə tibbi və psixoloji yardım göstərilməsi, həyat təminatı vasitələri ilə təmin edilməsi tədbirlərini uğurla yerinə yetirib.

Sonra Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış və Nazirliyin qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Daha sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 15 dekabr 2022-ci il tarixli Sərəncamla təltif olunmuş Nazirliyin əməkdaşlarına təltiflər təqdim olunub. Təltif edilənlər arasında Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almış qazi Süleyman Heydərov da olub.

İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə də məlumat verilib.

Sonda iclas iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Xəbəri paylaş: