Ombudsmanın təşəbbüsü ilə dəyirmi masa keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə “Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr edilmiş dəyirmi masa keçirilib.


Rezonans.az xəbər verir ki , Ombudsmanın təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Ombudsman Aparatının əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, psixiatr və ekspertlər iştirak ediblər.


Ombudsman Səbinə Əliyeva dəyirmi masada açılış nitqi ilə çıxış edərək əhalinin sağlamlığının qorunması hüququnun müdafiəsi sahəsində fəaliyyəti barədə ətraflı məlumat verib, bu istiqamətdə problemlərin araşdırılması və həll olunması üçün müvafiq tədbirlərin görüldüyünü bildirib.


Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində psixiatriya müəssisələrinə həyata keçirilən monitorinqlərdən danışan Müvəkkil bu cür monitorinqlərin mövcud problemlərlə əyani şəkildə tanış olmaq və preventiv tədbirlər görmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. S.Əliyeva bəzi psixiatriya xəstəxanalarında, xüsusilə regionlardakı müəssisələrdə olan bir sıra nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq təklif və tövsiyələrlə aidiyyəti qurumlara müraciət olunduğunu qeyd edib.


İkinci Qarabağ müharibəsinin iştirakçılarının postmüharibə dövründə psixiatrik yardımla təmin olunmasının önəmindən bəhs edən Ombudsman bu məsələnin diqqət mərkəzində olduğunu, təsisatın təşəbbüsü ilə bir qrup müharibə iştirakçısının müvafiq yardımla təmin edildiyini diqqətə çatdırıb.


Psixi sağlamlığın qorunması istiqamətində ölkəmizdə davamlı tədbirlərin həyata keçirildiyini bildirən S.Əliyeva vətəndaşların hüquqlarının qorunması baxımından müvafiq dövlət orqanlarının həyata keçirdiyi tədbirlərin, proqram və layihələrin Ombudsman təsisatı tərəfindən izlənildiyini və təhlil olunduğunu qeyd edib. Müvəkkil psixi sağlamlıq məsələlərinə cavabdeh olan qurumlar arasında bu sahədə koordinasiyalı əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.


Tədbirdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev respublikada psixiatrik xidmətin yaxşılaşdırılması məqsədilə görülən tədbirlərdən danışıb. T.Musayev tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü addımların atıldığını, Psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanmasının gələcəyə yönəlik planlardan biri olduğunu söyləyib.


Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov son vaxtlarda psixoloji yardım həyata keçirilən özəl müəssisələrdə çalışan şəxslərin əksəriyyətinin bu sahə üzrə təhsili olmadığını bildirib, bu sahəyə ciddi nəzarətin əhəmiyyətini vurğulayıb. Ə.Əmiraslanov, həmçinin ölkəmizdə həkimlərin və pasiyentlərin hüquqlarını qoruyacaq yeni qanun layihəsinin hazırlandığını da diqqətə çatdırıb.


Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, müasir dövrdə uşaqların virtual məkanda daha çox vaxt keçirmələrinin onların psixologiyasına ciddi təsir göstərdiyini qeyd edib. Komitə sədri əhali arasında sağlam həyat tərzinin təbliğinin, eyni zamanda, valideyn məsuliyyətinin artırılması ilə bağlı işin aparılmasının vacibliyini diqqətə çatdırıb.


Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı psixi xidmətlərə əlçatanlığın təmininin ölkəmiz üçün ən əhəmiyyətli məsələlərdən biri olduğunu, psixi sağlamlıq mövzusunda maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.


Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli dövlət tibb müəssisələrində çalışan psixiatrların sayı ilə bağlı mövcud problemlərdən, kadr çatışmazlığından danışıb. O, həmçinin son dövrlər gənclər arasında aqressiya, depressiya hallarının artdığını və bu halların aradan qaldırılması istiqamətində zəruri addımların atılmasının vacibliyini vurğulayıb.


Tədbirdə digər çıxış edənlər tibbi xidmətə əlçatanlığın yüksəldilməsi üzrə işlərin görülməsi, həmçinin ölkədə psixi sağlamlığın təmini sahəsindəki mövcud problemlərin həlli istiqamətində təklif və tövsiyələrini bildiriblər.


Dəyirmi masada mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbəri paylaş: