“Vətəndaşsızlıq məsələləri üzrə İşçi Qrup”un növbəti iclası keçirilib

img

Ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırması məqsədilə yaradılmış “Vətəndaşsızlıq məsələləri üzrə İşçi Qrup”un növbəti iclası keçirilib.


Rezonans.az xəbər verir ki, iclasda Ombudsman Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin sektor müdiri Turan Cahangirova və şöbənin böyük məsləhətçisi Orxan Tapdıqlı, Dövlət Miqrasiya Xidmətinin, Daxili İşlər Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Statistika Komitəsinin, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları, həmçinin Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri iştirak ediblər.


T.Cahangirova iclasda çıxış edərək, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının dövlətdaxili və beynəlxalq hüquq normalarına uyğun müdafiəsi və təşviqi, həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, xitam və bərpa olunma, ölkə vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi məsələləri ilə bağlı Ombudsmanın təşəbbüsləri və mandatı çərçivəsində görülən işlər barədə məlumat verib.


O, ölkə ərazisində sənədsiz yaşayan həssas kateqoriyadan olan şəxslərin vəziyyətinin monitorinqi, onların statusunun tənzimlənməsi, habelə xaricdə qeyri-müəyyən vəziyyətdə yaşayan soydaşlarımızın hüquqlarının təmin edilməsi istiqamətində Dövlət Miqrasiya Xidməti, xarici ombudsmanlar, diplomatik nümayəndəliklərlə əməkdaşlıqda formalaşan müsbət təcrübələrdən bəhs edib.


Tədbirdə İşçi Qrupun digər üzvləri təmsil etdikləri qurumların müvafiq sahədə fəaliyyəti barədə məlumat veriblər.


İclasda vətəndaşsızlıq halları ilə mübarizə, vətəndaşsızlıq vəziyyətində olan şəxslərin identifikasiyası, onların sənədləşdirilməsi və hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın yeni müstəvidə inkişafı məsələləri müzakirə edilib.

Xəbəri paylaş: