Ətraf mühit üçün böyük təhlükə təşkil edir

img

Ermənistanın vaxtilə torpaqlarımızda basdırdığı minalar və digər hərbi sursatlar insanların həyat və sağlamlığına təhlükə yaratmaqda davam edir.


Növbəti belə hadisə aprelin 28-də Sədərək rayonunun Qaraağac kəndi ərazisində baş vermişdir. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatına əsasən Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il  təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olmuşdur.


Vətəndaşların həyat və sağlamlığı üçün təhlükə mənbəyi olan mina və partlamamış hərbi sursatlar məsələsi bu gün Azərbaycanın ən böyük problemlərindən biridir. Azərbaycan dövləti mina və hərbi sursat təmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə daxili resursları hesabına aparır.


Ölkə ərazisində münaqişə dövründən qalan partlamamış hərbi sursatlarla çirklənmiş geniş sahələr insan həyatı, ekologiya və ətraf mühit üçün böyük təhlükə təşkil edir.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, mülki şəxslərin həyatını itirməsinə səbəb olan bu əməlləri şiddətlə pisləyir, insan hüquqları sahəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatları bu hadisələrə biganə yanaşmamağa, insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu cinayətlərin törədilməsində təqsirli olan şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi istiqamətində zəruri addımlar atmağa çağırıram.


Günay Rzayeva

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Xəbəri paylaş: