Şərəfli və qürurlu tarix

img

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, 
Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli 
ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir. 

Ümummilli Lider Heydər Əliyev      

        

Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin - Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının yaranmasının 106-cı illiyi yaxınlaşır. Bu, XX əsr tarixinin təsadüfi bir faktı deyil. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Böyük şəxsiyyətlərimiz, Cümhuriyyət qurucularımız "İstiqlal Bəyannaməsi"ni elan edərək xalqımızın müstəqillik əzmini, azadlıq ruhunu, inkişaf səviyyəsinə görə irəli getmiş toplumlarla bir yerdə irəliləməyə layiq olduğunu bütün dünyaya göstərmişlər. 

       

Azərbaycan Xalq Cümhuriyyəti çoxəsrlik tariximizin böyük dəyərlərindəndir. Onun ən layiqli qiymətini Ümummilli Lider Heydər Əliyev vermişdir. Ulu Öndərin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə uğurla həyata keçirdiyi inkişaf siyasəti xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytarmış, milli mənlik şüurunu yüksəltmiş, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratmışdır. Cümhuriyyətin üçrəngli bayrağının ilk dəfə olaraq Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırılması da Azərbaycan Xalq Cümhuriyyəti ideyalarına sadiqliyin, müstəqilliyə gedən yolu bütün şəraitlərdə uğurla davam etdirərək yeni mərhələlərə çatdırmaq əzminin təzahürü idi. Bu yola sadiqliyin daha bir nümunəsi Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyamızda respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edilməsidir. Azərbaycanın inkişafının, dövlət müstəqilliyimizin əbədiliyinin təmin olunmasıdır. Zamanın gərdişindən cəmi 23 ay ömür sürə bilmiş Cümhuriyyətimizin, onu yeni nəsillərə ərməğan kimi qurub-yaratmış ziyalılarımızın Azərbaycanla bağlı yarımçıq qalmış arzularının yerinə yetirilməsidir. Bu layiqli qiymət, yüksək dəyər həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə gətirib çıxarmış Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunan yeni möhtəşəm uğurlarımızda öz ifadəsini tapır. 

      

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur" deyən dövlət rəhbərimiz Cümhuriyyət qurucularımızın Azərbaycanla bağlı arzularını, xəyallarını reallığa çevirdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlər həm də əsrlər boyu milli dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi üçün mübarizə aparmış və çalışmış, burada əməyi olan böyük şəxsiyyətlərimizin ruhuna olan boyük hörmət və ehtiramdır. Onların mənəvi irsinin davam etdirilməsidir. 

        Qeyd etmək lazımdır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının "İstiqlal Bəyannaməsi"ni imzalaması xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin yaşadılması və yeni dövrdə daha bir üstün mərhələyə daxil olması idi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik duyğusunu, istiqlal ruhunu daha da gücləndirdi və bu duyğu ondan sonrakı heç bir dövrdə, o cümlədən sovetlərin sərt repressiyaları şəraitində də qəlbimizi tərk etmədi.  Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq ömründə bir çox işlərə imza atdı. Gələcəyimiz üçün müstəsna əhəmiyyət daşıyan ənənələr formalaşdırdı. Eyni zamanda Şərqdə demokratiya ənənələrinin formalaşmasına da əhəmiyyətli təsir göstərdi. Çox qısa müddətdə Azərbaycanın ilk demokratik hökuməti quruldu, parlamenti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı. Azərbaycanın dövlət müstəqilliyinin beynəlxalq müstəvidə tanınması, milli maraqların qorunması məqsədilə diplomatik müstəvidə atılan mühüm addımlar, yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunması, habelə demokratik prinsiplərin təsbit edilməsi üçün görülən işlər o 23 aylıq tarixin qürur dolu səhifələridir. Bu müddətdə Azərbaycanda vətəndaş institutu meydana gəldi, milli ordu quruldu, bütün ölkə əhalisinə eyni hüquqlar verilərək irqi, milli, dini, sinfi bərabərsizlik ortadan qalxdı, cəmiyyətdə milli vəhdət təmin olundu. Xarici siyasət sahəsində də Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra mühüm nailiyyətləri vardı. Cümhuriyyət hökuməti yeni yaradılmış dövlətin dünyaya tanıdılmasını əsas istiqamət kimi seçmişdi. Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən qurulduğu zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək milli hökumətin çox böyük tarixi uğurları idi. 

       

Bu ciddi nəticələr Azərbaycanın sonrakı dövrlərdə də dövlət kimi mövcudluğuna zəmin yaratdı. Belə ki, dünya birliyi tərəfindən müstəqil dövlət kimi tanınmış ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Bolşeviklər, onların başbilənləri doğma yurdumuzla istədikləri kimi davrana, ölkəmizin sərhədlərini tam dəyişə, beləliklə, dövlətimizi hissələrə parçalayaraq sıradan çıxara bilmədilər. Azərbaycan Xalq Cümhuriyyəti özündə bir çox dəyərləri daşıyır. Onlardan ən mühümü Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirmiş Cümhuriyyətimizin Azərbaycan xalqının milli və siyasi şüurunu, yüksək mədəniyyətini özündə ehtiva etməsidir. Dövrün qabaqcıl ziyalılarının qurub-yaratdıqları bu dövlət cəmiyyətə siyasi mədəniyyət aşılayırdı. İnsanlar, toplumlar, təsisatlar arasında sivil münasibətləri bərqərar edirdi. Cəmiyyətdə vətəndaşlıq məsuliyyəti formalaşdırırdı. Xalqın milli mənlik şüurunu özünə qaytarır, öz müqəddəratını təyin etməyə, hər cəhətdən azad yaşamağa qadir olduğunu ona göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətindən bizə çox yadigarlar miras qalıb. 1919-cu ildə yaradılmış indiki Bakı Dövlət Universiteti, müxtəlif təhsil, səhiyyə ocaqları, nazirliklər və digər dövlət qurumları Azərbaycan Xalq Cümhuriyyətinin bizlərə mənəvi mirasıdır. 

      

Ən əsası, İstiqlalımızın yadigarları bu gün də mövcuddur, dövlətimizlə birgə inkişaf edir və bu inkişafa özünün layiqli töhfələrini verir. 

Mahir Hacıyev,

YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədri 

Xəbəri paylaş: