“İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda təlim sessiyası təşkil olunub

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən tələbələr üçün elan edilmiş “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin iştirakçıları üçün məlumatlandırıcı təlim sessiyası təşkil olunub.


Rezonans.az xəbər verir ki, Hakaton formatında keçirilən müsabiqədə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ADA Universitetindən seçilmiş 45 nəfərdən ibarət 9 komanda təmsil olunur.


Təlim sessiyasının açılışında Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli və UNDP-nin proqram məsələləri üzrə müşaviri Leyla Fəthi çıxış ediblər. Çıxışlar zamanı cari ildə ölkəmizin COP29-a ev sahibliyi etməsi nəzərə alınmaqla bu mövzuda müxtəlif tədbirlərin keçirildiyi, habelə ekoloji hüquqlarla bağlı maarifləndirmə işinin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.


Təlimdə, həmçinin Müvəkkilin müşaviri Rəşad Novruzov və UNDP-nin nümayəndəsi Tural Əhməd də mövzu ilə bağlı çıxış edərək, iştirakçıların suallarını cavablandırıblar.


Daha sonra Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Şəhla Aslanova və BMT könüllüsü Hyebin Kvon tərəfindən iqlim dəyişikliyinin insan hüquqlarına təsirləri və akademik yazı qaydaları ilə bağlı ətraflı təqdimatlar nümayiş etdirilib.


Yekunda tələbələrin müsabiqə ilə əlaqədar sualları cavablandırılıb.


Qeyd edək ki, müsabiqədə qalib seçilən komandanın 2 oktyabr tarixində keçiriləcək “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda Bakı Beynəlxalq Forumunda təqdimatla çıxış etməsi nəzərdə tutulub.

Xəbəri paylaş: