“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir. Bu istiqamətdə növbəti dəyirmi masa Gəncədə təşkil edilib.

Rezonans.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Aparat rəhbəri Aydın Səfixanlı ölkə Prezidentinin 2024-ci il 28 iyun tarixli Sərəncamı ilə cari il sentyabrın 1-ə parlamentə növbədənkənar seçkilərin təyin edildiyini, vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmini istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini qeyd edib. Aparat rəhbəri müşahidəçilik institutunun əhəmiyyətindən, Müvəkkilin və təsisatın bu prosesdəki rolundan danışıb. O, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü və MSK-nın dəstəyi ilə paytaxtda və regionlarda birgə maarifləndirmə tədbirlərinin keçirildiyini, bu istiqamətdə ilk tədbirin Bakıda, bu gün isə Gəncədə təşkil olunduğunu bildirib.

A.Səfixanlı, eyni zamanda, Ombudsman təsisatının əməkdaşlarının bir qisminin parlament seçkilərində müstəqil olaraq müşahidəçi kimi iştirak edəcəyini də diqqətə çatdırıb.

Daha sonra Mərkəzi Seçki Komissiyasının üzvləri İlham Məmmədov və Almas Qəhramanlı tərəfindən MSK-nın Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində həyata keçirdiyi işlər barədə məlumat verilib, maarifləndirmə tədbirlərinin davam etdirildiyi diqqətə çatdırılıb.

Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ombudsman Aparatı ilə Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkiləri ilə əlaqədar ilk birgə maarifləndirmə tədbiri Ombudsman Səbinə Əliyevanın, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun və dairə seçki komissiyalarının nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib.

Xəbəri paylaş: