“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa təşkil olunub

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa Şəkidə təşkil edilib.

Rezonans.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyev parlamentə növbədənkənar seçkilər ərəfəsində maarifləndirmə tədbirlərinə xüsusi diqqət ayrıldığını bildirib, MSK ilə Ombudsman Aparatı tərəfindən təşkil olunan tədbirlərin ictimaiyyətin, bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Ş.Əliyev, həmçinin Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlər, eləcə də keçirilməsi nəzərdə tutulan tədbirlər barədə də ətraflı məlumat verib, bu cür maarifləndirmə tədbirlərinin davam etdirildiyini diqqətə çatdırıb.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxışı zamanı seçkiyə hazırlıq məqsədilə həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü və MSK-nın dəstəyi ilə paytaxtda və regionlarda birgə maarifləndirmə tədbirlərinin keçirildiyini, bu istiqamətdə artıq Bakıda və Gəncədə təşkil edildiyini, bu gün isə növbəti tədbirin Şəkidə keçirildiyini bildirib.

Ölkəmizdə vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmini istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini qeyd edən Aparat rəhbəri, həmçinin müşahidəçilik institutunun əhəmiyyətindən, Müvəkkilin və təsisatın bu prosesdəki rolundan danışıb.

Daha sonra Mərkəzi Seçki Komissiyasının Katibliyinin Hüquq şöbəsinin baş məsləhətçisi Samir Tağıyev məruzə ilə çıxış edərək ölkəmizdə seçkilərin yüksək səviyyədə təşkil olunması üzrə həyata keçirilən tədbirlərdən, seçicilərin öz konstitusion hüquqlarını sərbəst şəkildə həyata keçirməsi üçün yaradılan imkanlardan bəhs edib.

Müzakirələr zamanı mövzu üzrə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Ombudsman Aparatı ilə Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkiləri ilə əlaqədar ilk birgə maarifləndirmə tədbiri Ombudsman Səbinə Əliyevanın, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun və dairə seçki komissiyalarının nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib.



Xəbəri paylaş: