Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir.
Rezonans.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
İctimai həyatın bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunması istiqamətində Azərbayсan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 15.04.2024-cü il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənədlərin elektron qaydada qəbulu prosesi davam etdirilir.
Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Azərbaycan Respublikası Baş Prokurorluğunun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə müraciət edib qeydiyyatdan keçərək müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.
Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkidə daxil olmaqla əldə edə bilər.
Sənədlərin qəbulunun başa çatacağı tarix, test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.