AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir

img

Yay tətilinin tezliklə başa çatması və tədris ilinin başlanması ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın artması gözlənilir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu istiqamətdə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.

Bu barədə Rezonans.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə hər gün 20-dən çox reys həyata keçirilir. Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq.

Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün aviabiletləri öncədən almaq məsləhət görülür.

Mülki aviasiyanın işi müəyyən plana uyğun təşkil olunur. Bu plana bir çox aspektlər, eləcə də uçuş cədvəli, təyyarələrin uçuşdan əvvəl hazırlanması, yekun yoxlamalar və digər məsələlər daxildir.

Qeyd edək ki, təkcə iyul ayında AZAL yüksək tələbatla əlaqədar olaraq Naxçıvana 745 uçuş həyata keçirib. Bir ay ərzində xidmət göstərilən sərnişinlərin ümumi sayı 85 mindən çox təşkil edib.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Xəbəri paylaş: