Elman Nəsirov seçicilərlə görüş keçirib

img

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirovun Cəlilabad rayonu Sabirabad və Qarazəncir kəndlərində seçicilərlə görüşləri keçirilib.


Rezonans.az xəbər verir ki, görüşdən əvvəl deputatlığa namizəd Elman Nəsirov, partiya fəalları və seçicilər birlikdə Sabirabad kəndində şəhidlər üçün ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər.


Görüşləri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının fəalı Ruslan Abbasov bildirib ki, Azərbaycan milli maraqlara əsaslanan müstəqil xarici siyasət sayəsində bir çox dövlətlərlə dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri quraraq dünyada etibarlı tərəfdaşa çevrilib, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməklə regional və qlobal müstəvidə mövqeyini möhkəmləndirib.


Çıxış edən deputatlığa namizəd Elman Nəsirov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib.


Namizəd E.Nəsirov qeyd edib ki, hazırda bütün sahələri əhatə edən çoxşaxəli islahatlar müasir çağırışlara və reallıqlara uyğun olaraq davam etdirilir, dövlət idarəçiliyinin səmərəliliyi və vətəndaş məmnunluğu artırılır: “Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən, özünəməxsus inkişaf yolu olan islahatçı ölkə imici qazanıb”.


Elman Nəsirov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. 


Tədbirlərdə, həmçinin yerli təşviqat qrupunun üzvü Şahlar Əsədullayev, seçicilərdən - Sabirabad kənd sakinləri Azad Cəfərov, Əliyağa Ələkbərov, Araz Babayev, Şəmsəddin Novruzov, Qarazəncir kənd sakinləri Əliseyran Mehdiyev, Miryusif Ağayev, Hüsaməddin Əhmədov, Fizuli İsgəndərov və digərləri çıxış ediblər. Çıxış edənlər hər kəsi parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Xəbəri paylaş: