Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağları” adlı əsəri işıq üzü görüb.
Rezonans.az xəbər verir ki, məşhur Azərbaycan səyyahı və coğrafiyaşünası Hacı Zeynalabdin Şirvaninin uzun illər davam edən səyahəti zamanı apardığı yol qeydlərindən üç böyük və nəfis əsəri məlumdur - “Səyahət bağları” (“Riyaz əs-siyahət”), “Səyahət bağçaları” (“Hədayiq əs-siyahət”) və “Səyahət bustanı” (“Bustan əs-siyahət”).
Filosof, səyyah, şair, etnoqraf, coğrafiyaşünas alim Hacı Zeynalabdin ibn İskəndər Şirvani Nemətullahi (1780-1838) özünün “Riyaz əs-siyahət”, “Hədayiq əs-siyahət” və “Bustan əs-siyahət” adlı əsərlərində Asiya, Avropa və Afrika xalqlarının mədəniyyəti, ictimai fikri, fəlsəfəsi, ədəbiyyatı və tarixi haqqında qiymətli məlumatlar vermişdir. H.Z.Şirvaninin ilk qələmə aldığı “Riyaz əs-siyahət” əsəri Abbasqulu Ağa Bakıxanovun (1794-1847) da xüsusi diqqətini cəlb etmiş və onu “zəngin və faydalı xəzinə” adlandırmışdır. Akademik Bernhard Dorn (1805-1881) “Riyaz əs-siyahət”i “ən yaxşı kamil mənbə” və professor Çarlz Anri Rio (1820-1902) isə “tarixi və bioqrafik məlumatlarla zəngin olan coğrafi bir əsər” olaraq qeyd etmişdir.
H.Z.Şirvani “Riyaz əs-siyahət” əsərinin önəmli hissəsini 1821-ci ildə Qomşe şəhərində (indiki Şəhrza şəhəri), digər hissəsini isə 23 iyul 1827-ci ildə Şiraz şəhərində tamamlamışdır.
Azərbaycanlı tarixçi A.A.Bakıxanov, rus tarixçisi akademik B.A.Dorn, rus şərqşünası N.V.Xanıkov (1819-1878), azərbaycanlı maarifçi F.Köçərli (1863-1920), rus etnoqraf və səyyahı Nikolay-Nikolayeviç Mikluxo-Maklay (1846-1888), fransız şərqşünası Anri Massenin (1886-1969) çox böyük qiymət verdiyi “Səyahət bağları” adlı əsərinin ikinci hissəsinin II cildi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ələddin Məlikov tərəfindən tərcümə edilmişdir. Əsərin elmi redaktoru coğrafiya elmləri doktoru, professor Zakir Eminov, redaktoru Şahin Yəhyayev, rəyçiləri isə tarix elmləri doktoru, professor Şahin Fazil və tarix elmləri doktoru Vasif Qafarovdur.
Oxuculara təqdim edilən “Səyahət bağları” əsəri bu ad altında alimin yazdığı kitabın ikinci hissəsidir. İkinci hissənin üç cilddə çap edilməsi nəzərdə tutulur. Bu əsər “Səyahət bağları” adlı kitabın ikinci hissəsinin ikinci cildinin tərcüməsidir. Kitabda verilən bir çox məlumatlar Azərbaycan dilində ilk dəfədir ki, işıq üzü görür.
Məşhur Azərbaycan səyyahı və coğrafiyaşünası H.Z.Şirvaninin “Səyahət bağları” əsərində Türkiyə, Aralıq dənizi sahilləri, Ərəbistan, Yəmən və d. ölkələrə aid məlumatlar toplanıb. Kitabda həmin ərazilərin tarixi, coğrafiyası, əhalisi, adət-ənənələri, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətləri haqqında zəngin məlumatlar verilib. Əsərdə müəllifin müşahidə etdiyi XIX əsrin əvvəlinə aid olan məlumatlar və bu dövrdə baş verən maraqlı hadisə və proseslər işıqlandırılıb. Səyyah qeydlərinin daxil edildiyi bu əsər iki əsr sonra ana dilinə tərcümə edilmişdir və əsasən coğrafiyaşünaslar, tarixçilər ilə bərabər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Məlumat üçün qeyd etmək lazımdır ki, “Səyahət bağları” adlı əsərin II hissəsinin I cildi Şahin Yəhyayev tərəfindən tərcümə edilmişdir. Əsərin elmi redaktoru coğrafiya elmləri doktoru, professor Zakir Eminov, rəyçiləri isə tarix elmləri doktoru professor Şahin Fazil və tarix elmləri doktoru Vasif Qafarovdur. “Səyahət bağları” əsərinin ikinci hissəsinə aid olan birinci cildində Mərkəzi Asiya, Pakistan, Türkiyə haqqında səyahət qeydləri, düşüncələri, bu ərazilərin təbii-coğrafi şəraiti, əhalisi, etnoqrafiyası, tarixi, şəhərləri və kəndləri, görkəmli şəxsiyyətləri haqqında məlumatlar yer alır.
Aygün Məmmədova, tarix üzrə fəlsəfə doktoru, AJB üzvü