2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov Şəhid leytenant Məmmədov Elşən Əziz oğlunun və Şəhid leytenant Babayev Əli Həsən oğlunun ailələri ilə şəhidlərin evlərində görüşüb.
Rezonans.az xəbər verir ki, Şərur rayonunun Danyeri kəndində Şəhid leytenant Məmmədov Elşən Əziz oğlunun və Şəhid leytenant Babayev Əli Həsən oğlunun evlərində keçirilən görüşlərdə şəhidlərimizin xatirəsi anılıb, onların döyüşlərdəki igidlik və şücaətlərindən danışılıb.
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində yüzlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin xatirəsi daim hörmətlə yad edildiyini söyləyib. Siyavuş Novruzov qeyd edib ki, şəhidlər ölmür. Onlar hər birimizin qəlbində əbədi məskən salır və böyük ehtiramla yad edilir. Şəhidlərimiz qısa ömür yaşasa da, onların keçdiyi ömür yolu gənclər üçün örnək olacaq və onlarınn əziz xatirəsi bizlərin qəlbində daim yaşayacaqdır. Siyavuş Novruzov belə vətənpərvər, mərd, şücaətli övlad böyütdüklərinə görə şəhidlərin valideynlərinə təşəkkürünü bildirib.
Şəhid leytenant Elşən Məmmədovun valideyni qeyd etmişdir ki, Azərbaycan Ordusunun leytenantı olan Elşən Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. 21 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid leytenant Əli Babayevin valideyni qeyd etmişdir ki, Əli Babayev 2016-cı ildə Azərbaycan Ali Hərbi Məktəbə daxil olub. 2020-ci ilin iyul ayında leytenant rütbəsi alıb. Vətən Müharibəsi başlayanda ilk hərbi dəstədə qabağa gedənlərdən olub və müharibənin birinci günü şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əli Babayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhid leytenant Məmmədov Elşən Əziz oğlu və şəhid leytenant Babayev Əli Həsən oğlu eyni kənddə, eyni ildə doğulub böyüdülər, eyni sinifdə oxudular. İkisi də hərbçi olmaq istədi, bu şərəfli peşəni seçdi. Hər ikisi Vətən müharibəsində şəhid oldu. Onlar cəmi 21 il sürən ömürlərində elə şərəfli bir həyat yaşadılar ki, üstündən 21 əsr də keçsə, unudulmayacaq.
Görüşün sonunda şəhidlərin valideynləri ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişlər.