Siyavuş Novruzov seçicilərlə görüşüb

img

2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzovun seçicilərlə növbəti görüşü keçirilib. 


Rezonans.az xəbər verir ki, Qarabağlar kənd mərkəzinin iclas zalında Qarabağlar kənd seçiciləri ilə keçirilən görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Görüşdə Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. Deputatlığa namizəd Siyavuş Novruzovun fəaliyyəti haqqında məlumat verən S.Quluyeva qeyd edib ki, o, ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil edib. YAP Şərur rayon təşkilatının sədri seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.


YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərdən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışaraq deyib: "Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Əminliklə söyləmək olar ki, partiyamız sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq".


Görüşlərdə çıxış edən kəndin ağsaqqalı, təqaüdçü müəllim Mənsim Məmmədov, təşviqat qrupunun üzvü Vəli Əsədov və digər seçicilər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıblar. Seçicilər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını diqqətə çatdıraraq qeyd ediblər ki, hər bir vətəndaşın öz üzərində dövlətin hərtərəfli qayğısını hiss etməsi təqdirəlayiq haldır.


Sakinlər, eyni zamanda, Prezident İlham Əliyevin muxtar respublikanın inkişafına böyük önəm verməsini məmnunluq və minnətdarlıq hissi ilə diqqətə çatdırıblar.

Seçicilər Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli - layiqli töhfələr verdiyini bildiriblər. Onlar daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.


Görüş zamanı sakinlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbəri paylaş: