Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Təcili tibbi yardım bölməsinə ehtiyatsızlıq nəticəsində kanalizasiya quyusuna düşərək xəsarət alan 4 yaşlı uşaq (qadın cinsli) gətirilib.
Rezonans.az xəbər verir ki, təcili tibbi yardım heyəti tərəfindən huşsuz, tənəffüsü olmayan və ürək vurğularının sayı dəqiqədə 35 olan, rəngi göyərmiş vəziyyətdə azyaşlıya ürək-ağciyər reanimasiyası tədbirləri aparılıb.
Göstərilən yardım nəticəsində pasiyentin tənəffüs yollarının keçiriciliyi, spontan tənəffüs və ürək fəaliyyəti bərpa edilib, oksigenoterapiya aparılıb, huşu özünə qaytarılıb, vəziyyəti yaxşılaşıb.
Pasiyent növbəti müayinə və müalicə məqsədilə ərazi üzrə müvafiq xəstəxananın reanimasiya şöbəsinə hospitalizasiya edilib.
Vətəndaşın ailə üzvləri tərəfindən təcili tibbi yardım heyətinə - həkim - Güllü Piriyevaya, anestezioloq - Əli Hüseynova, sürücü - Əzizəddin Cəfərova göstərdikləri tibbi xidmətə görə təşəkkür olunub