Gücünü xalqdan alan partiya daim qalib gələcək

img

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ziyafət Əsgərovun Şərur rayonunun Aşağı Yaycı kənd mərkəzinin iclas zalında Aşağı Yaycı, Yuxarı Yaycı, Şahbulaq və Gümüşlü kənd seçiciləri ilə, daha sonra Çomaxtur kənd mərkəzinin iclas zalında isə Çomaxtur, Xələc, Alışar, Müslüm, Muğancıq və Mehrab kənd seçiciləri ilə  görüşləri keçirilib.


Rezonans.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.


Görüşü giriş sözü ilə açan YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev Yeni Azərbaycan Partiyasının hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq partiyanın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. 


Çıxış edən deputatlığa namizəd Ziyafət Əsgərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycanın aparıcı siyasi qüvvəsi olduğu kimi, Qafqazda və onun hüdudlarından kənarda da böyük nüfuza malik bir siyasi təşkilat olduğunu vurğulayıb: “Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Artıq yeni dövrə qədəm qoymuşuq. Qarşımızda bir çox mühüm hədəflər durur və qüdrətli Azərbaycan dövləti bütün milli məqsədlərin gerçəkləşməsinə nail olacaqdır. Gücünü xalqdan alan partiya daim qalib gələcək”.


Z.Əsgərov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.


Tədbirdə, həmçinin görüş iştirakçılarından Yeganə Məmmədova, Musa Quliyev, Həsən İsmayılov, Nəriman Abdullayev, Həsən Babayev və şəhid atası Əli İsmayılov seçiciləri uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.


Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.


Sonda seçicilərin sualları cavablandırılıb.


Xəbəri paylaş: