Narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 157 fakt aşkar edilib.
Rezonans.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Qeyd edilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 524 kq 132,349 qr narkotik vasitə və psixotrop maddə, 13 568 ədəd metadon həbi, 1470 ədəd güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 199-u qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 303 kq 877,511 qr narkotik vasitə,psixotrop maddə və 85 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 1 780 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 344 kq 818,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlil göstərir ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 238 narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 361, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 51, digər növ cinayət faktların sayı 27, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 842 kq 086,85 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 595 nəfər azalıb.
Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 201 fakt, qrup halında olan cinayətlərin sayı isə 31 fakt artıb.
Məlumatda qeyd olunub ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4400 nəfər cəlb edilib. Onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 332 nəfər, 26-29 yaşadək 707 nəfər, 30 yaş və ondan yuxarı isə 3360 nəfər təşkil edir. Həmin şəxslərdən 4265-i kişi, 135-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 43 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilmiş 43 xarici ölkə vətəndaşından ümumilikdə 110 kq 015 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.