2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov Şəhid ailələrini ziyarət edib.
Rezonans.az xəbər verir ki, Şərur rayonunun Oğuz kəndində şəhid leytenant Yusifov Əli Süləddin oğlunun, şəhid leytenant Nuruyev Cavid Əşirəf oğlunun, şəhid MAHHXHQ əsgəri Əhmədov Mərhəmət Adil oğlunun, 17 avqust 2024-cü il tarixində isə Şərur rayonunun Çərçiboğan kəndində şəhid kapitan Cabbarov Seymur İlham oğlunun, şəhid MAHHXHQ əsgəri Novruzlu Pərviz Qorxmaz oğlunun, şəhid Novruzov Cavid Ələsgər oğlunun, şəhid Məmmədov Faiq Yaqub oğlunun, şəhid Abbasov Ramiq İlyas oğlunun və Birinci Qarabağ Müharibəsinin şəhidi Süleymanov Ələsgər Eldar oğlunun evlərində keçirilən görüşlərdə şəhidlərimizin xatirəsi anılıb, onların müharibədəki igidlik və şücaətlərindən danışılıb.
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov görüşlərdə bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Zəfərlə başa çatan Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək bütün dünyaya sübut etdilər ki, Qarabağ Azərbaycandır!
Şəhidlərimizin ailələri şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Görüşün sonunda Siyavuş Novruzov qeyd edib ki, Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı və qələbəmizi göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyduğunu bildirən YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov onlara Allahdan rəhmət, ailələrinə səbr diləyib.
Səmimi keçən söhbət zamanı şəhid ailələrini narahat edən problemlər də qeyd olunub və yaxın gələcəkdə həllini tapması üçün müvafiq işlər görüləcəyi bildirilib.