Siyavuş Novruzov seçicilərlə görüşüb

img

2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib. 


Rezonans.az xəbər verir ki, Yuxarı Daşarx kənd mərkəzinin iclas zalında Dərəkənd və Yuxarı Daşarx kənd seçiciləri ilə keçirilən görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Görüşdə Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədri Əmir Babayev qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. Bu gün partiyamız cəmiyyət tərəfindən birmənalı olaraq quruculuq, sabitlik, inkişaf, rifah və xalqın partiyası kimi tanınır və qəbul edilir. Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və xalqın partiyasına çevrilib. Deputatlığa namizəd Siyavuş Novruzovun keçdiyi həyat yolu, ictimai-siyasi sektorda uğurlu fəaliyyəti, onun Naxçıvan Muxtar Respublikası ilə bağlılığı haqqında seçicilərə ətraflı və geniş məlumat verən Ə.Babayev ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil etdiyini qeyd edib. YAP Şərur rayon təşkilatının sədri seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.


YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərdən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışaraq deyib: "Hər hansı bir siyasi partiyanın gücünü və nüfuzunu müəyyən edən mühüm amillərdən biri onun seçkilərdə əldə etdiyi nəticələrdir. Hər birinizin səsi Azərbaycanın inkişafına dəstəkdir. Bu gün həyata keçirilən siyasət Azərbaycan xalqının milli maraqlarına hesablanıb və ölkənin hərtərəfli inkişafına xidmət edir. Əminliklə söyləmək olar ki, partiyamız sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacaq".


Görüşlərdə çıxış edən təşviqat qrupunun üzvü Seyfəddin Eyvazov, sahibkar Elçin Əkbərov, məktəb direktoru Elvin Cabbarov və digər seçicilər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıblar. Seçicilər çıxış edərək bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qələbə qazanmaqla respublikada yeni reallıqlar yaradıb, ölkəmiz həm də siyasi müstəvidə bu reallıqların beynəlxalq aləm tərəfindən qəbul edilməsinə nail olub.


Sakinlər, eyni zamanda, Prezident İlham Əliyevin muxtar respublikanın inkişafına böyük önəm verməsini məmnunluq və minnətdarlıq hissi ilə diqqətə çatdırıblar.


Tədbirdə çıxış edən seçicilər xalqın etimadını doğrultmuş YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.


Görüş zamanı sakinlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Xəbəri paylaş: