Avqustun 18-19 tarixlərində Rusiya Prezidenti Vladimir Putin ölkəmizdə dövlət səfərində oldu. Səfər iki dost, müttəfiq ölkənin münasibətlərinin dünəni, bu günü və qarşıdakı dövr barədə aydın təsəvvür yaratdı. Prezidentlər mətbuata bəyanatlarında dövlətlərarası münasibətlərin çox yüksək səviyyədə olduğunu əsaslı şəkildə diqqətə çatdırdılar. Münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olub. Onun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra reallaşdırılan qarşılıqlı səfərlər və imzalanan sənədlər bu gün əlaqələrin inkişafında möhkəm təməl rolunu oynayır. Belə ki, Rusiya ilə Azərbaycan arasında 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”, 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri, bu səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə”nin imzalanması iki qonşu ölkə arasında münasibətlərdə tamamilə yeni mərhələnin başlanmasında əhəmiyyətli rol oynadı. Bu, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Birgə Bəyannamə Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirdi. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinin uğurlu inkişafına davamlı töhfələr verir. Belə ki, dövlətimizin başçısı Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Cənab İlham Əliyevin 2004-cü ildə Rusiyaya ilk rəsmi səfəri bu baxımdan əlamətdar oldu. Ölkə Prezidentinin Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynadı. Cənab İlham Əliyev rusiyalı həmkarı ilə keçirdiyi məhdud və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında regional təhlükəsizlik bağlı məsələyə xüsusi diqqət göstərərək bildirdi ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Rusiya Prezidenti isə belə əminliyi ifadə etdi ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir. Prezidentlər vurğuladılar ki, ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq. Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Regional təhlükəsizlik məsələləri həmişə görüşümüzün gündəliyindədir. Belə bir əminlik ifadə edildi ki, səfər münasibətlərimizin inkişafına yeni təkan verəcək. “Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir” söyləyən Rusiya Prezidenti onu da əlavə etdi ki, aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri