25-29 avqust 2024-cü il tarixində Qazaxıstanın Almatı şəhərində təşkil ediləcək mediatorların Beynəlxalq Yay Məktəbində iştirak edəcək mediatorlarla görüş təşkil edilib.
Rezonans.az xəbər verir ki, hər il Almatıda təşkil edilən mediatorların Beynəlxalq Yay Məktəbi "Beynəlxalq İnsan Hüquqları Mərkəzi" RPO-nun Mediasiya Mərkəzi və Milli Mediasiya Mərkəzi tərəfindən təşkil edilir. Təşkilatın rəhbəri Jandilda Jakupovun təşəbbüsü ilə hər il Orta Asiya ölkələrinin iştirakı ilə təşkil olunan bu yay məktəbində Azərbaycandan 11 nəfər mediatorun iştirak etməsinə razılıq bildirilmişdir. Eyni zamanda Türk Dünyası Mediatorlar Birliyi çərçivəsində Azərbaycanla yanaşı ilk dəfə Türkiyə Respublikasının da nümayəndələri qeyd edilən yay məktəbində iştirak edəcək. Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikelin və Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun yay məktəbinin açılış mərasimində salamlama nitiqi ilə çıxış etmələri nəzərdə tutulub. Yay məktəbinin təşkil edilməsində məqsəd dünyada yeni inkişaf yolunu keçən mediasiya institutunun mövcud vəziyyətini müzakirə etmək, ölkələrin qarşılıqlı təcrübələrini öyrənmək və eyni zamanda mediatorların mediasiya sahəsində beynəlxalq səviyyəli bilik və bacarıqlarının artırılmasıdır.
Keçiriləcək yay məktəbində Azərbaycan Respublikasının Mediasiya Şurasını 11 nəfər mediator təmsil edəcək. Onlar Ülkər Zülfüqarova, Tural Məmmədov, Aqil Əsgərov, Qabil Əsgərov, Ramiz Kərimov, Venera Əsgərova, Südabə Məmmədova, Raul İsmayılov, Şəmsinur Allahverdiyeva, Zaur Quliyev və Rövşən İsmayılovdur.
Mediatorlarla görüşdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, ölkəmizin qeyd edilən yay məktəbində təmsil olunması və Azərbaycan təcrübəsinin yay məktəbində iştirak edəcək Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan Respublikasının mediatorları tərəfindən öyrənilməsi də çox böyük nailiyyətdir. Çıxış edən mediatorlar yay məktəbində çıxış və təqdimatlarını bir daha nəzərdən keçirib və görüş müzakirələrlə başa çatıb.