11 nəfər mediator Almatıda keçirilən beynəlxalq konfransda iştirak edib

img

27 avqust 2024-cü il tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində təşkil olunan mediatorların Beynəlxalq Yay Məktəbi çərçivəsində Orta Asiya ölkələri və türkdilli dövlətlərin mediatorlar konsorsiumunun beynəlxalq konfransı keçirilib. Konfransda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə və Azərbaycandan olan mediatorlar, Qazaxıstanın etnomədəni birliklərinin rəhbər şəxsləri və üzvləri, ictimaiyyət nümayəndələri, elm adamları və media mənsubları iştirak edib.


Rezonans.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Orta Asiya Mediatorlar Konsorsiumunun sədri, Qazaxıstan Mediatorlar Assosiasiyasının Baş direktoru Jandılda Jakupov tədbir iştirakçılarını salamladıqdan sonra mediasiya institutunun təşəkkülü, qazandığı nailiyyətlər, bu təsisatın müasir dövrdə insan və cəmiyyət həyatında oynadığı rolun əhəmiyyəti, eləcə də müxtəlif ölkələrdə mediasiyanın inkişafı perspektivləri ilə bağlı fikirlərini ifadə edib.


Daha sonra Özbəkistanda Arbitraj Məhkəməsinin və Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin təsisçisi, hüquq elmləri doktoru, professor Fozilcan Otaxonov, Qırğızıstanda Milli Mediasiya mərkəzinin təsisçisi və direktoru Qulsina Kojoyarova, Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel çıxış edərək təmsil etdikləri ölkələrdə mediasiya institutunun mövcud vəziyyəti və inkişafı ilə bağlı təəssüratlarını bölüşüb, bu sahədə ölkələrin qarşılıqlı təcrübələrinin öyrənilməsinin əhəmiyyətini vurğulayıblar.


Konfransda Azərbaycan Respublikasının Mediasiya Şurasının üzvü, psixoloq, mediator Ülkər Zülfüqarova da çıxış edib, ölkəmizin bu sahədə təcrübəsi, qazanılan nailiyyətlər barədə konfrans iştirakçılarını məlumatlandırıb. O, çıxışında ölkəmizdə mediasiya institutunun 2021-ci ildə yaranmasına baxmayaraq Azərbaycan Respublikası Mediasiya Şurasının rəhbərliyinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətlər nəticəsində qısa müddətdə böyük uğurlara imza atıldığını vurğulayıb. Ü. Zülfüqarova ailə institutunun dağılmasının qarşısının alınmasında boşanmaların məhkəmədənkənar həlli ilə bağlı mediasiyanın təqdim etdiyi mexanizmlərin təkcə fərdlər üçün deyil, ümumilikdə cəmiyyət üçün müstəsna müsbət təsirinin olduğunu qeyd edib.


Konfrans zamanı həmçinin Almatı şəhərində Qazaxıstan Xalqları Assambleyasının sədr müavini, “Qazaxıstan rus mədəniyyət mərkəzi” İctimai Birliyinin filialının sədri Vsevolod Lukaşev və Almatı şəhərində Qazaxıstan Xalqları Assambleyasının üzvü, “Azərbaycanlılar assosiasiyası” Respublika İctimai Birliyinin filialının sədri Qəhrəman Sadıyev çıxış edib, mediasiyaya həsr edilmiş bu beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıb.


Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.



Xəbəri paylaş: