Azərbaycan-İtaliya münasibətləri: Strateji tərəfdaşlığımız getdikcə möhkəmlənir

img

Azərbaycan  Respublikası xarici siyasət sahəsində  uğurlarını getdikcə artırmış, müxtəlif qlobal, ümumbəşəri, regional tədbirlərə ev sahibliyi etmiş, strateji əhəmiyyəti olan layihələrin həyata  keçirilməsində xüsusi fəallığı ilə fərqlənmiş, müxtəlif dünya dövlətləri ilə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə daşındığı İtaliya Avropada ölkəmizin hər zaman ən etibarlı tərəfdaşlarından olmuşdur. Azərbaycan və İtaliya arasında əlaqələr geniş spektrə malik olub, müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıqla seçilir. Hər iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və o zamandan bəri bu əlaqələr davamlı olaraq inkişaf etməkdədir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və bu tərəfdaşlıq, xüsusən enerji sahəsində strateji əhəmiyyətə malikdir. 

     Azərbaycan və İtaliya arasında yüksək səviyyəli dövlət səfərləri bu əlaqələrin inkişafına böyük təkan vermişdir. 

     2018-ci ildə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı  İtaliya və Azərbaycanın müxtəlif sahələrdə tərəfdaşlığı genişləndirmək üçün əsaslı niyyətləri olduğunu təsdiqləyən sənədlər imzalanmışdır. 

       İmzalanan sənədlər arasında iqtisadi əlaqələrin inkişafı, enerji layihələrinin dəstəklənməsi, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq, turizmin təşviqi və hərbi sahədə əməkdaşlıq üzrə mühüm sazişlər var.    

      Xüsusilə, enerji sahəsində imzalanan müqavilələr Azərbaycan qazının Avropaya çatdırılmasında əhəmiyyətli rol oynayan TAP (Trans-Adriatik Boru Kəməri) layihəsini irəli sürmüşdür. Bu boru kəməri layihəsi həm İtaliyanın, həm də Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm əhəmiyyət kəsb etməkdədir.

      Azərbayca Respublikasının Prezidenti İlham Əliyevin  2020-ci ildə İtaliyaya rəsmi səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 28 sənəd imzalanmış, nəticədə  ölkələrarası siyasi, iqtisadi, mədəni, enerji və müdafiə sahələrində əməkdaşlıq daha da dərinləşmişdir.  2020-ci ildə Azərbaycan və İtaliya arasında imzalanan sənədlər arasında mədəni irsin qorunması, iki ölkə arasında incəsənət və musiqi tədbirlərinin təşviqi üzrə sazişlər yer almış, beləliklə , həm İtaliyada, həm də Azərbaycanda müxtəlif sərgilərin, konsertlərin və digər mədəni tədbirlərin təşkilinə imkan yaranmışdır.

      2022 – ci ildə Cənab Prezident həm İtaliya prezidentinin dəvəti ilə İtaliyaya işgüzar səfər etmiş, həm də İtaliyada keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirak etmişdir. 

Müzakirə edilən ən aktual mövzulardan birinin enerji təhlükəsizliyi məsələsi oluğu forumun plenar iclasında  Cənab Prezident “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etmışdir. Bu baxımdan Forum ölkəmizin enerji təhlükəsizliyi sahəsidə mövqeyini, imkanlarını, bu günə kimi görülmüş işləri və gələcək planları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün olduqca mühüm platforma rolunu oynamışdır. 

  İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə cari ilin 4 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə İtaliyaya işgüzar səfər etmişdir. 

Səfər çərçivəsində Cənab Prezident öncə İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə, daha sonra isə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirmişdir. 

Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının  Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olmuşdur.  

  6 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş 50 – ci  Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış etmişdir.   

     Cənab Prezident çıxışına uzun illər ərzində Azərbaycan və İtaliya arasında yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlıqdan bəhs edərək başlamışdır. Dövlət başçısı xüsusilə enerji və iqtisadi sahələrdə əməkdaşlığın dərinləşdiyini, iki ölkə arasında imzalanmış sazişlər nəticəsində ticarət dövriyyəsi və iqtisadi əlaqələrin  gücləndiyini,  yüksək səviyyəli siyasi təmaslarda bu əməkdaşlığın siyasi zəminini möhkəmləndiyini vurğulamışdır.

     Enerji təhlükəsizliyi hər zaman dövlətlərin milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biri olub. Ölkəmizin  Milli Təhlükəsizlik Konsepsiyasında da enerji təhlükəsizliyinin təmin olunması prioritet sahələrdən biri kimi müəyyən olunub. Son dövrlərdə isə bərpa olunmayan enerji mənbələrinin tükənməsi riski, bu səbəbdən  həmin enerji mənbələrindəki artan yüksək qiymətlər, geosiyasi rəqabət, ölkələr arasında davam edən silahlı münaqişələr, bu münaqişələrin  bəzi ixracatçı ölkələrdə yaratdığı qeyri-sabitlik enerji təhlükəsizliyini bu gün dünya dövlətləri üçün ən aktual  mövzuya çevirib. 

   Cənab Prezident İlham Əliyev Forumdakı çıxışında ölkəmizin siyasi inkişafından, iqtisadi qüdrətindən söz açmış, başlanğıcı Azərbaycanda olan və  İtaliyayadək uzanan Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəmərindən ibarət, 3500 kilometrlik Cənub Qafqaz Dəhliz boru kəməri sisteminin hazırda 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyindən bəhs etmişdir. Bu 10 ölkədən 7 – si Avropa İttifaqının üzvüdür.  Azərbaycan Avropa Birliyi üçün enerji təhlükəsizliyində  mühüm əhəmiyyət daşıdığından, Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

      Cənab Prezident çıxışında Azərbaycan və İtaliya arasındakı əməkdaşlığın yalnız enerji və iqtisadiyyat sahələri ilə kifayətlənmədiyini, həmçinin,  humanitar və təhsil sahələrini də əhatə etdiyini vurğulamışdır. İtaliya-Azərbaycan Universitetinin yaradılması bu istiqamətdə əhəmiyyətli bir addım kimi çıxış edir. İtaliyanın beş aparıcı universieti (Lyuis, Sapyensa,Boloniya, Milan, Turin)   və onların Azərbaycandan olan tərəf müqavilləri  ilə müştərək təsis edilən bu təhsil ocağı iki ölkə arasında akademik əlaqələri gücləndirmək üçün vacib platformadır. 

    Cənab Prezidentin çıxışında xüsusi əhəmiyyət verdiyi məsələlərdən biri  isə 2020 – ci ildə 44 günlük Vətən müharibəsindəki qələbəmiz nəticəsində 30 illik işğala son qoyaraq,  beynəlxalq ədaləti bərqərar  etməyimiz olmuşdur.  Dövlət başçımız bu 30 il  ərzində nə  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin  , nə də ATƏT – in bu məsələnin həlli üçün yaratdığı qrupun fəaliyyətinin nəticə vermədiyindən bəhs etmişdir.  Bu, onu göstərir ki, ədaləti və sülhü təmin etmək üçün yalnız beynəlxalq hüquq kifayət deyil, siyasi və hərbi addımlar da vacibdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan işğalından azad edilməsi, regionda sabitliyin bərpası üçün əhəmiyyətli addım olmuş,  İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan ərazilərini geri qaytarmaqla, beynəlxalq hüquq çərçivəsində öz suverenliyini təmin etmişdir. 

    Prezident İlham Əliyev Sovet İttifaqının süqutundan sonra ilk dəfə olaraq Cənubi Qafqaz regionunda uzunmüddətli sülh əldə etməyin mümkünlüyündən bəhs etmişdir.  Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində 80 faiz razılaşdırılmış sülh müqaviləsi bəndləri və sərhədin delimitasiyası istiqamətində atılmış addımlar regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Bu  danışıqlar sülh sazişi ilə nəticələndiyi təqdirdə, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olması  yalnız Qafqazda deyil, dünyanın bütün regionlarında əhəmiyyətli sülh  nümunəsi rolu oynayacaq.

  Cənab Prezident çıxışında,  Azərbaycanın  iqlim dəyişikliyi mövzusu üzrə ən böyük beynəlxalq tədbir olan COP29 konfransına ev sahibliyi edəcəyini iştirakçıların diqqətinə çatdırmışdır. 200 ə yaxın ölkə arasında konsensusa əsaslanan bu qərar, Azərbaycanın beynəlxalq səviyyədə etibarının göstəricisidir və ölkənin iqlim mövzusunda qlobal liderlik rolunu gücləndirir. Bir il ərzində həyata keçirilən hazırlıqlar, Azərbaycanın bu sahədə olan potensialını və beynəlxalq ictimaiyyət tərəfindən ona verilən dəstəyi əks etdirir. 

     Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üçün fəal şəkildə çalışır. Xüsusilə, Qlobal Cənub və Qlobal Şimal arasında əlaqələrin qurulması, iqlim mövzusu üzrə fərqli baxışların aradan qaldırılmasına yönəlmiş səylər Azərbaycanın  müasir dünya siyasətində oynadığı mühüm rolu göstərir və ölkənin müxtəlif qlobal aktorlarla əməkdaşlığını dərinləşdirir. 

        Azərbaycanın 120 ölkəni birləşdirən  Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməsi, ölkənin beynəlxalq səviyyədə diplomatik gücünü və qlobal problemlərin həllində oynadığı rolu nümayiş etdirir. Azərbaycan Respublikası  artıq Avropa İttifaqının üzvü olan 10 ölkə ilə əmədaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.  Elə bu da, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə fəal işləməsinə və həmrəylik prioriteti əsasında beynəlxalq tədbirlərə sədrlik etməsinə şərait yaradır.

   Prezident İlham Əliyev  çıxışı zamanı Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olduğunu, ölkəmizin Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyini vurğulamışdır.  Bu münasibətlər təkcə keçmiş Sovet İttifaqı ölkələri arasında qurulmuş əlaqələrdən ibarət deyil, həm də beynəlxalq səviyyədə strateji tərəfdaşlıq və sülh proseslərinə verdiyi dəstəklə əlaqədardır. Azərbaycanın bu iki ölkə ilə olan əlaqələri, regionda və beynəlxalq arenada tarazlığı qorumağa xidmət edir. 

      Azərbaycanın Rusiya ilə münasibətləri praqmatik yanaşma üzərində qurulub və bu səbəbdən Azərbaycan Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmayıb və belə bir niyyəti də yoxdur. Azərbaycan,  müxtəlif geosiyasi proseslərdə fəal rol oynamaqla, beynəlxalq arenada öz mövqeyini gücləndirməyə çalışır. Bu, xüsusilə Rusiya ilə iqtisadi və enerji sahələrində sıx əməkdaşlıq şəraitində özünü göstərir. 

      Rusiyanın qaz tranzitinin dayandırılması Ukraynanın qazpaylayıcı sisteminin tamamilə iflic olmasına səbəb ola bilər. Hazırda Rusiya qazının Ukrayna ərazisi üzərindən tranziti davam edir və bu prosesin dayandırılmasının qarşısını almaq üçün Azərbaycan mühüm rol oynayır. Rusiya, Ukrayna və Avropa təchizatçıları Azərbaycana müraciət edərək, enerji tranzitinin davam etdirilməsi ilə bağlı dəstək istəyiblər. 

  Cənab Prezident, qaz  tranziti sahəsində  iki ölkə arasında körpü rolu oynayan Azərbaycanın, zərurət yarandığı təqdirdə münaqişənin həllində də vasitəçilik edə biləcəyini vurğulayıb. 



       Dövlət başçısının çıxışında söz açdığı son məsələ ölkəmizin Avropa Şurasının Parlament Assambleyası  ilə hazırki münasibəti olmuşdur. Belə ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub və o vaxtdan bəri bu münasibətlər enişli-yoxuşlu xəttlə davam edib. Bu müddət ərzində  Azərbaycan, Avropa Şurası ilə əməkdaşlığını genişləndirib, Avropa konvensiyalarına qoşulub və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edib. 

    Azərbaycanın suverenliyini tam şəkildə bərpa etməsindən bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası Azərbaycanın nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi.  Bu sanksiyanın  verilmə səbəbi isə ərazi bütövlüyünü təmin etmiş Azərbaycana qarşı AŞPA – nın qərəzli münasibəti idi. 

   Cənab Prezident,  Avropa Şurası Parlament Assambleyasında  Azərbaycanın nümayəndə heyətinin fəaliyyətinin bərpa edilməsiylə vəziyyətin yaxşılığa doğru dəyişəcəyini vurğulayaraq çıxışını başa vurmuşdur.  

     Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışı, Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin gücləndiyini və qlobal geosiyasi proseslərdə önəmli bir rol oynadığını bir daha göstərdi. Şübhəsiz ki, Azərbaycanın qlobal enerji bazarındakı əhəmiyyəti, regional sabitliyin təmin edilməsindəki rolu və beynəlxalq aləmdəki fəal iştirakının artması, ölkənin yeni geosiyasi şəraitdəki mövqeyini daha da möhkəmləndirəcəkdir. 



Ziyafət Əsgərov

VI Çağırış Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya  ilə   mübarizə komitəsinin sədri

Xəbəri paylaş: