Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsman Aparatında könüllü fəaliyyətini başa vuran bir qrup gənclə görüş keçirib.
Rezonans.az xəbər verir ki, görüş zamanı Ombudsman respublikamızda müxtəlif sahələrdə gənclərin uğurla fəaliyyət göstərmələri üçün imkanların yaradıldığını bildirib, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Sonra Müvəkkil hər bir könüllünün təsisatda keçdiyi təcrübə nəticəsində əldə etdiyi praktiki biliklərlə, eyni zamanda, onların cəlb olunduğu sosial və mədəni layihələrlə maraqlanıb. S.Əliyeva gənclərə təhsil və karyeraları ilə bağlı tövsiyələr verib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Yekunda “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə Ombudsman tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi üzrə könüllülük proqramında fəal iştiraka görə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, könüllülük proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Xarici Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Qərbi Kaspi Universiteti, eləcə də Türkiyə Respublikasının bir sıra ali təhsil müəssisələrində təhsil almış könüllülər təsisatın müxtəlif struktur bölmələrində təcrübə keçib, Ombudsmanın insan hüquqlarının müdafiəsi və təşviqi sahəsindəki fəaliyyəti ilə yaxından tanış olublar.