“Biznes və İnsan Hüquqları” mövzusunda onlayn tədbir keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və Asiya Ombudsman Assosiasiyasının (AOA) təşkilatçılığı ilə Asiya regionunda fəaliyyət göstərən ombudsman və milli insan hüquqları institutları üçün “Biznes və İnsan Hüquqları” mövzusunda onlayn tədbir keçirilib.

Rezonans.az xəbər verir ki, tədbirdə Pakistan, İndoneziya, Türkiyə, Malayziya, Tayland, Tatarstan və digər ölkələrin ombudsman və milli insan hüquqları institutlarının nümayəndələri, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının üzvləri, dövlət qurumlarının və transmilli şirkətlərin nümayəndələri iştirak ediblər.
Ombudsman tədbirin açılışında iştirakçıları salamlayaraq, insan hüquqlarının səmərəli müdafiəsi ilə bağlı biznes və insan hüquqları mövzusuna Asiya Ombudsman Assosiasiyası kimi geniş bir regionu əhatə edən təşkilat tərəfindən xüsusi diqqət yetirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, cari ildə Ombudsman Aparatı tərəfindən beynəlxalq ekspertlərin rəy və təklifləri nəzərə alınmaqla “Biznes və İnsan Hüquqları” üzrə milli qiymətləndirmə sənədi hazırlanmışdır. Ölkəmizdə bu sahənin inkişafına təkan verən təklifləri də ehtiva edən bu sənəd barədə tədbirdə geniş məlumat təqdim olunub.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə dəvət olunmuş beynəlxalq ekspert tərəfindən BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri barədə təqdimat edilib. Tədbir iştirakçıları ilə ombudsmanların və milli insan hüquqları institutlarının bu sahədəki rolunun gücləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb.

Xəbəri paylaş: