Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Komandanlığı və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı ilə tədbirlər planına müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları tərəfindən DİN-in Daxili Qoşunlarının, Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin hərbi hissələrinə başçəkmələr həyata keçirilib.
Rezonans.az xəbər verir ki , başçəkmələr zamanı qərargah, əsgər yataqxanası, məişət otağı, tibb hissəsi, yeməkxana və digər obyektlərə baxış keçirilib. Eyni zamanda, şəxsi heyətə Müvəkkilin səlahiyyətləri və hərbi qulluqçuların hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti, Ombudsmana müraciət formaları və “916” Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib, müvafiq məlumat lövhələri şəxsi heyətə uyğun olan yerlərdə yerləşdirilməsi üçün hərbi hissələrin komandirlərinə təqdim olunub.
Başçəkmələr zamanı hərbi hissələrin şəxsi heyəti, o cümlədən hərbi hissədə işləyən mülki şəxslərlə görüşlər keçirilib, onları maraqlandıran suallar cavablandırılıb, eyni zamanda, fərdi qaydada müraciət etmək istəyən hərbi qulluqçu və mülki şəxslər dinlənilib, müraciətləri qəbul edilib.
Hərbi xidmətin nizamnamələrə uyğun təşkilinin təmin edilməsinin gücləndirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tövsiyələr verilib.
Naxçıvan Muxtar Respublikasında başçəkmə həyata keçirilmiş hərbi hissələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş xidməti mənzillərin, Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissəsində ailəli hərbi qulluqçuların övladları üçün nəzərdə tutulmuş uşaq bağçasının, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrində şəxsi heyətin asudə vaxtlarını keçirməsi üçün mərkəzlərin olması, eyni zamanda, Naxçıvan Qarnizonunun tam orta məktəbinin olması, Naxçıvan MR-in Fövqəladə Hallar Nazirliyinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsində təlim məqsədli xüsusi maneələr zolağının yaradılması müsbət hal kimi qiymətləndirilib.