
Azərbaycanda ölkədən getmək hüquqi məhdudlaşdırılan borclu fiziki şəxsə və hüquqi şəxsin icra orqanının rəhbərinə bu barədə məlumat verilməsi qaydasının dəyişməsi təklifi irəli sürülür. Bununla bağlı “İcra haqqında” qanuna dəyişiklik təklif edilir. Sənəd Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Rezonans.az xəbər verir ki, bu kimi təşəbbüs Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məruzələrində yer alıb.
Ombudsmanın 2024-cü il üzrə məruzəsində ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan şəxslər barədə məlumatların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilərkən həmin şəxslərə bu barədə bildirişin dərhal göndərilməsinə dair imperativ tələbin qanunvericiliklə təsbit olunması təklif edilib.
Eyni zamanda, Ombudsmanın 2023-cü il üzrə məruzəsində də ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edildiyi andan həmin vətəndaşlara bildirişin göndərilməsinin məcburiliyi ilə bağlı müddəaların qanunvericiliyə daxil edilməsi məsələsi qaldırılıb.
Müvəkkilin 2020-ci il üzrə məruzəsində şəxsin ölkədən çıxışına məhdudiyyətin yalnız məhkəmə qərarı əsasında qoyulması və qəbul edilmiş qərara dair müvafiq şəxsin əlaqə vasitələrinə (mobil nömrəsinə, elektron poçt və ya ev ünvanına və s.) xəbərdarlıq bildirişinin göndərilməsi ilə bağlı müddəanın qanunvericiliyə əlavə edilməsi təklif olunub.
Həmçinin Ombudsmanın 2019-cu il üzrə məruzəsində ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edildiyi andan həmin vətəndaşlara bildirişin göndərilməsinin məcburiliyi ilə bağlı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.6-cı maddəsinə yeni məzmunda cümlənin əlavə olunması təklifi irəli sürülüb.
“Vətəndaşlar barəsində məlumatların məhdudiyyət siyahılarına daxil edildiyi və ya həmin məlumatların aktiv statusunun dəyişdirildiyi hər bir halda müvafiq vətəndaşlara bu barədə ən qısa müddətdə, lakin 24 saatdan gec olmayaraq bildiriş göndərilməlidir”, - deyə təklifdə qeyd edilib.
Xatırladaq ki, dəyişikliyə əsasən, borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal "Elektron məhkəmə" informasiya sistemindən "Elektron icra" informasiya sisteminə ötürülür. "Elektron icra" informasiya sistemi vasitəsilə bu barədə dərhal "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı "Elektron icra" informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.
Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin hüququnun ölkədən getmək müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal "Elektron icra" informasiya sisteminə daxil edilir və "Giriş-çıxış idarələrarası və qeydiyyat" avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı "Elektron icra" informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.