
2025-ci il aprelin 22-24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Pekində Azərbaycan-Çin münasibətlərinin tarixinə yeni bir səhifə yazıldı. Səfər zamanı iki ölkə arasında ümumilikdə 20 mühüm sənəd imzalandı. Bu sənədlər siyasi, iqtisadi, enerji, nəqliyyat, hüquq, texnologiya və humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə xidmət edir.
Səfərin əsas nəticələrindən biri Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin rəsmi şəkildə formalaşdırılması oldu. Bu, iki ölkə arasında qarşılıqlı hörmət, suverenliyə riayət və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin Çinə səfəri olduqca uğurlu oldu. Buna bir Azərbaycan vətəndaşı olaraq sevinməyə bilmərik. İkinci tərəfdən də bütövlükdə səfər müddətində Azərbaycan Prezidentinin şəxsinə özəlliklə də medianın diqqəti ayrıca vurğulanmalıdır. CGTN kanalının Prezidentlə daha öncə də müsahibələri olub. Budəfəki müsahibə də təsadüfi deyil. Ona görə ki, CGTN bütün dünyaya yayımlanan ingilisdilli kanal olaraq Azərbaycan Prezidentinin nə qədər uyğun və uğurlu bir müsahib olduğunu dəyərləndirir. Yəni o kanal hər liderdən belə ardıcıl şəkildə müsahibələr almır. Ona görə də, Azərbaycan Prezidentindən bu müsahibə alındı.Təbii ki, orada qoyulan məsələlər həm ikitərəfli Çin-Azərbaycan münasibətlərinə işıq tutmaq baxımından, həm də Azərbaycanın dünyadakı rolu baxımından çox önəmlidir. Özəlliklə də Prezidentin səfəri çərçivəsində Naxçıvanla Urumçinin şəhərlərinin qardaşlaşması təkcə Azərbaycanda deyil, türk dünyasının hər tərəfində çox böyük təqdirlə qarşılanır. Əlbəttə ki, belə bir şəraitdə Prezident İlham Əliyevin müsahibəsinə də diqqət çox böyükdür. Yəni o müsahibə təkcə Azərbaycanda, Çində deyil, dünyanın hər tərəfində diqqətlə izlənilir, öyrənilir. Prezident İlham Əliyev Azərbaycan və Çinin beynəlxalq münasibətlərdə ədalətli və inklüziv yanaşmaya sadiqliyini vurğulayıb. Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin olunmasında fəal rol oynamaqla yanaşı, Qlobal Cənubun mühüm iştirakçılarından biri kimi ədalətli beynəlxalq nizamın formalaşmasına töhfə verir. Çin isə qlobal iqtisadi güc olaraq inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edir və beynəlxalq münasibətlərdə bərabərlik və qarşılıqlı hörmət prinsiplərinin möhkəmləndirilməsinə çalışır. Bu baxışları bölüşən dövlətlər qlobal səviyyədə yeni əməkdaşlıq modelləri formalaşdırmaq üçün birgə təşəbbüslər irəli sürürlər. Dövlətimizin başçısı qeyd edib ki, biz Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır. Beləliklə, Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibə Azərbaycan-Çin strateji tərəfdaşlığının möhkəm təməllər üzərində qurulduğunu və davamlı inkişaf etdiyini bir daha təsdiqləyir. Dövlətlərarası əməkdaşlıq modeli müasir beynəlxalq şəraitdə dayanıqlı, etibarlı və perspektivli tərəfdaşlığın nümunəsi kimi çıxış edir.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi