1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun ağır texnika və silahlı birləşmələri Bakı şəhərinə yeridildi. Fövqəladə vəziyyət elan edilmədən həyata keçirilən bu hərbi əməliyyat nəticəsində günahsız mülki əhali – qadınlar, uşaqlar, yaşlı insanlar amansızcasına qətlə yetirildi. Rəsmi məlumatlara görə yüzlərlə insan həlak oldu, minlərlə insan yaralandı. Bu hadisə beynəlxalq hüquq normalarına, insan hüquqlarına və humanist dəyərlərə zidd olaraq həyata keçirilmiş açıq hərbi cinayət idi. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, əksinə, milli birliyi daha da gücləndirdi. Xalq bu qanlı hadisə qarşısında qorxmadı, geri çəkilmədi və öz müstəqillik iradəsini daha qətiyyətlə ortaya qoydu. Şəhidlərin dəfni zamanı yüz minlərlə insanın küçələrə çıxması, xalqın həmrəyliyi bu faciənin milli dirçəlişə çevrildiyini göstərdi. 20 Yanvar hadisələrindən sonra Azərbaycan xalqı daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç-üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Qanlı hadisələrdən 36 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş günlərin acısını unutmur, öz vətəndaşlarına qarşı kütləvi qırğınlar törədən sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir. 20 Yanvar qətliamı ərəfəsində yaşanan proseslər Azərbaycan xalqının siyasi özünüdərkinin inkişafına təkan verdi və Azərbaycan vətəndaşlarının öz respublikasının ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu nümayiş etdirdi. 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlanır. Xalq həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətnliyini nümayiş etdirməyi bacarmışdır. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşmaq əzminə malikdir Qara Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsində dönüş nöqtəsi oldu. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına aparan yol məhz bu faciədən sonra daha qətiyyətlə seçildi. 20 Yanvar şəhidlərinin xatirəsi uca tutulur, hər il Şəhidlər xiyabanında anım mərasimləri keçirilir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









