Azərbaycanın dövlətçilik tarixində 1990-cı ilin 20 Yanvar hadisələri sadəcə bir təqvim vərəqi deyil, xalqımızın azadlıq iradəsinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirən dönüş nöqtəsidir. Bu tarix həm böyük bir faciənin kədərini, həm də milli dirçəlişin qürurunu özündə birləşdirir. Dünya tarixinə 20 Yanvar faciəsi kimi düşən bu hadisə Azərbaycanın milli müstəqillik hərəkatında çox böyük rol oynadı və azadlığa gedən yolun qansız-qadasız ötüşmədiyini bir daha təsdiq etdi. Erməni separatizminin baş qaldırmasına və SSRİ rəhbərliyinin məkrli siyasətinə qarşı başlayan xalq hərəkatı sonradan daha geniş vüsət aldı və milli azadlıq hərəkatının güclənməsinə səbəb oldu. 1980-ci illərin sonunda keçmiş SSRİ rəhbərliyinin birtərəfli və qərəzli siyasəti, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və xalqımızın haqlı etiraz səsinin eşidilməməsi Bakıda kütləvi xalq hərəkatının yaranmasına səbəb oldu. Sovet imperiyası özünün süqutunu ləngitmək və xalqın müstəqillik arzularını qan içində boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya ağır qoşun hissələrini yeritdi. Beynəlxalq konvensiyalara zidd olaraq, fövqəladə vəziyyət elan edilmədən dinc əhaliyə qarşı törədilən bu qırğın bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdü. Lakin tankların qarşısına əliyalın çıxan Azərbaycan övladları sübut etdilər ki, azadlıq eşqi hər cür hərbi arsenaldan güclüdür. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. Faciənin baş verdiyi ilk günlərdə xalqın yanında olan və bu cinayəti dünyaya bəyan edən şəxs Ümummilli Lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında o, sovet rəhbərliyinin Bakıda törətdiyi qanlı aksiyanı kəskin pislədi, bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd bir addım kimi dəyərləndirdi. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra məhz onun təşəbbüsü ilə 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi və 20 yanvar “Ümummilli Hüzn Günü” elan edildi. 20 Yanvar şəhidlərinin fədakarlığı Azərbaycanın müstəqillik bünövrəsini qoydu. 1990-cı ilin o qanlı gecəsindən başlayan yol, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərə qədər davam etdi. Bu gün qətiyyətlə deyə bilərik ki, 20 Yanvar şəhidlərinin və Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızın ruhu şaddır. Onların Azərbaycanın azadlığı və ərazi bütövlüyü naminə başlatdıqları mübarizə öz məntiqi nəticəsinə çatdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan parlaq Zəfər və 2023-cü ilin 20 sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Azərbaycanın üçrəngli dövlət bayrağını ucaltması, əslində, 1990-cı ilin o qanlı gecəsində tankların qarşısına sipər çəkən xalq iradəsinin mütləq qələbəsi idi. 20 Yanvarda qırılan zəncirlər, 20 sentyabrda bütöv Azərbaycanın sarsılmaz dövlətçilik qalasına çevrildi. Artıq Şəhidlər Xiyabanını ziyarət edən hər bir vətəndaş oradan məğlub xalqın övladı kimi deyil, ərazi bütövlüyünü bərpa etmiş qalib bir millətin nümayəndəsi kimi keçir.
Kamran Qasımov
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









