Cəmiyyət üçün ən ağrılı mənzərələrdən biri məktəb yolunda olmalı olan bir yeniyetmənin məhkəmə zalında dayanmasıdır. Dərs kitabları, dəftərlər və gələcək arzuları daşımalı olan çiyinlərdə cinayət işi yükünün olması təkcə həmin uşağın deyil, bütövlükdə cəmiyyətin məğlubiyyətidir. Çünki cinayət törədən yeniyetmə, əslində, qoruna bilməmiş, vaxtında yönləndirilməmiş və diqqətdən kənarda qalmış bir taledir.
Bu gün yeniyetmələrin cinayətə yol açması artıq təsadüfi hal deyil, sosial problemin açıq təzahürüdür. Statistik rəqəmlərin arxasında dağılan ailələr, yarımçıq qalan təhsil, sönən ümidlər və itirilən gələcək dayanır. Hər bir yeniyetmə cinayəti bir sual doğurur: bu uşağı kim itirdi – ailə, məktəb, yoxsa cəmiyyət?
Yeniyetməni cinayətə sürükləyən səbəblər çox vaxt göz önündə olsa da, vaxtında fərq edilmir. Ailədaxili problemlər, valideyn nəzarətinin zəifliyi, maddi çətinliklər, zorakılıq mühiti, yanlış dost çevrəsi və sosial şəbəkələrin mənfi təsiri bu yolun əsas daşlarıdır. Xüsusilə diqqətdən kənarda qalan, sevgi və anlayış görməyən uşaq özünü sübut etmək üçün yanlış yollar seçir.
Məktəb isə yalnız təhsil verən müəssisə deyil, eyni zamanda tərbiyə və sosial adaptasiya məkanıdır. Müəllimin vaxtında etdiyi bir xəbərdarlıq, psixoloqun göstərdiyi bir diqqət, sinif yoldaşlarının verdiyi bir dəstək bəzən böyük faciənin qarşısını ala bilər. Təəssüf ki, bir çox hallarda bu mexanizmlər ya işləmir, ya da yetərincə güclü deyil.
Əslində, cinayət törədən yeniyetməyə yalnız “təqsirli” gözü ilə baxmaq problemi həll etmir. Hüquqi məsuliyyət vacib olsa da, sosial və mənəvi məsuliyyət daha böyükdür. Çünki bu uşaq cəza almamışdan əvvəl laqeydlik, diqqətsizlik və biganəliklə cəzalandırılıb. Cəmiyyət vaxtında sahib çıxmadığı övladına sonradan hökm oxuyur.
Unutmaq olmaz ki, yeniyetmə yaşında edilən səhv çox vaxt düşünülməmiş, emosional və təsir altında verilmiş qərarın nəticəsidir. Bu yaş dövrü formalaşma mərhələsidir və burada əsas rol oynayan amil cəza yox, düzgün istiqamətləndirmədir.
Yeniyetmə cinayətkarlığı ilə mübarizədə ən effektiv yol profilaktikadır. Ailə, məktəb, cəmiyyət üçbucağının möhkəmləndirilməsi, psixoloji dəstəyin artırılması, risk qrupuna daxil olan uşaqlarla fərdi işin aparılması həyati əhəmiyyət daşıyır. Gənclərin asudə vaxtının düzgün təşkili, idman və mədəni fəaliyyətlərə cəlbi də onları cinayətdən uzaqlaşdıran əsas faktorlardandır.
Dövlətin həyata keçirdiyi gənclər siyasəti, sosial proqramlar və hüquqi mexanizmlər bu sahədə mühüm rol oynasa da, problemin həlli yalnız qanunlarla məhdudlaşmamalıdır. Ən təsirli qanun valideyn qayğısı, müəllim məsuliyyəti və cəmiyyətin vicdanıdır.
Məktəb çantası yerinə cinayət işi daşıyan hər bir yeniyetmə bizim hamımız üçün xəbərdarlıqdır. Bu xəbərdarlığı vaxtında eşitməsək, sabah daha ağır nəticələrlə üz-üzə qala bilərik. Uşağı itirməmək üçün onu əvvəlcə görmək, dinləmək və anlamaq lazımdır. Çünki qorunan uşaq cinayət törətmir, diqqət görən yeniyetmə yolunu azmır.
Cəmiyyətin gələcəyi məhz bu gün məktəb yolunda olan uşaqların taleyindən keçir. Onların əllərində cinayət işi yox, ümid dolu çantalar görmək isə hamımızın ortaq məsuliyyətidir.
ƏLİ MUSA









