Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və paytaxt Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi diplomatiya tarixində xüsusi məqamlardan biridir.
Bu mükafat yalnız bir liderə təqdim olunan ali təltif deyil, eləcə də sülhün, humanizmin, tolerantlığın və insan ləyaqətinə hörmətin beynəlxalq miqyasda təntənəsidir. Dövlətimizin başçısının bu ali mükafata layiq görülməsi Azərbaycan dövlətinin və xalqının əsrlər boyu formalaşmış multikultural həyat tərzinin, müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birgəyaşayış modelinin dünyaya təqdim olunması deməkdir. Prezident İlham Əliyevin mükafatlandırma mərasimindəki çıxışı bu təltifin mahiyyətini daha aydın ortaya qoydu. Xüsusilə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi və humanitar əməkdaşlığa başlanması Prezidentin çıxışında sülhün artıq praktik mərhələyə keçdiyini göstərən faktlar kimi səsləndirildi. Eyni zamanda, mərasimin Əbu-Dabidə keçirilməsinin rəmzi mənası da çıxışda xüsusi vurğulandı. Məhz burada aparılan danışıqların sonradan Vaşinqtonda tarixi razılaşmalarla nəticələnməsi BƏƏ-nin və onun Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyanın sülh prosesinə verdiyi töhfə kimi qəbul ounur.
Cənab Prezident çıxışında qeyd ki, “Bugünkü mükafatlandırma mərasimi və hörmətli münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür. Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi ilə bağlı qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir
Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirakı və Azərbaycanın Sülh Şurasına qoşulması ölkəmizin irəli sürdüyü sülh gündəliyinin qlobal səviyyədə qəbul olunduğunu mühüm fakt kimi təsdiqləyir. Bir sözlə, Mükafat komitəsi Azərbaycan Prezidentinin regional sülhün təmin olunmasındakı rolunu vurğulamaqla yanaşı, onun qlobal sülhə töhfəsi istiqamətindəki nailiyyətini də təsdiqləyir. Mükafatın keçmiş laureatları arasında Roma Papasının, BMT-nin baş katibi kimi nüfuzlu şəxslərin olması Prezident İlham Əliyevin qlobal sülh və əməkdaşlığın əldə olunmasındakı nüfuzlu mövqeyini diqqətə çatdırır.
Azərbaycan–BƏƏ yaxınlaşmasının daha geniş geosiyasi ölçüsü də var. Beynəlxalq münasibətlərin sürətlə dəyişdiyi, qlobal güc balanslarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya arasında körpü rolunu getdikcə gücləndirir. BƏƏ isə Bakını regionda sabitliyə töhfə verə bilən, etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi qəbul edir. Bu qarşılıqlı yanaşma radikal meyllərin qarşısının alınması, konstruktiv regional gündəliyin təşviqi və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu gün artıq əminliklə demək olar ki, Azərbaycan təkcə enerji tərəfdaşı kimi deyil, həm də sülh, inkişaf və postmünaqişə bərpası gündəliyini formalaşdıra bilən mühüm siyasi aktor kimi qəbul olunur. BƏƏ ilə strateji tərəfdaşlıq isə bu yeni statusun parlaq göstəricilərindən biridir. Əminliklə deyə bilərik ki, əldə olunmuş yüksək etimad səviyyəsi və çoxşaxəli əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək, ölkələrimiz sürətlə dəyişən dünya çağırışlarına birlikdə cavab verəcək və regionda davamlı sabitliyə töhfələr verəcək. Ümumilikdə, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri həm regional sülh gündəliyi, həm də Azərbaycanın regional və qlobal nüfuzunun daha da artması baxımından əhəmiyyətli hadisədir. Görüş həm də Azərbaycan-Ermənistan münasibətlərinin iqtisadi rasionalizm mərhələsinə keçiddə vacib mərhələ olaraq ön plana çıxır. Bu mərhələ Azərbaycan üçün təkcə sülh dividendləri deyil, eyni zamanda tranzit gəlirləri, enerji ixracı, investisiya axını və regional liderlik baxımından ciddi iqtisadi üstünlüklər vəd edir.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov









