Vəzifədən yuxarıda dayanan dəyər: Bir ziyalının təhsil missiyası

img

Bəzi insanlar üçün təhsil peşə seçimidir, digərləri üçün isə ömür boyu daşıdıqları mənəvi məsuliyyət. Birincilər bilik ötürür, ikincilər isə insan formalaşdırır. Sevda Axundova məhz ikinci yolun yolçularındandır. Onun təhsilə münasibəti funksional çərçivələrlə məhdudlaşmır; bu münasibət dərin daxili inamdan, vicdan məsuliyyətindən və ziyalı düşüncə tərzindən qaynaqlanır. Çünki o, təhsili yalnız sistem deyil, cəmiyyətin gələcəyini yoğuran mənəvi laboratoriya kimi dərk edir. Ziyalılıq onun üçün titul və ya akademik göstərici deyil, insanlara münasibətdə ölçü vahididir.

İnsan talelərindən başlayan yol adamı Sevda Axundovanın idarəçilik fəlsəfəsi kabinet divarları arasında qapanıb qalmır; o fəlsəfə gənclərin düşüncəsində, seçimlərində və sabaha dair qurduqları planlarda yaşayır. O, rəhbər olduğu hər bir gəncə potensial problem kimi deyil, qorunmalı və inkişaf etdirilməli dəyər kimi yanaşır. Məhz bu yanaşma onu klassik idarəçi obrazından çıxararaq, mənəvi lider mövqeyinə yüksəldir.

Onun fəaliyyətinin mərkəzində səlahiyyət yox, etimad dayanır. Vəzifə onun üçün üstünlük deyil, ağır bir əmanətdir. Bu əmanətin adı insan taleyidir. Elə buna görə də Sevda Axundovanın dünyagörüşünü bir cümlə aydın şəkildə ifadə edir:
“Mənim üçün vəzifə kreslo deyil, bir gəncin taleyinə məsuliyyət daşımaqdır.” Bu fikir sadəcə şəxsi mövqe deyil, bütöv bir həyat və fəaliyyət fəlsəfəsidir.

Xeyirxahlıq onun fəaliyyətində ayrıca nümayiş olunan davranış deyil, təbii yaşam tərzidir. O, yaxşılığı göstərmək üçün etmir, ehtiyac olduğu üçün edir. Səssiz dəstək, görünməyən qayğı, adı çəkilməyən yardım — bütün bunlar onun üçün mənəvi borcun ifadəsidir. Çünki Sevda Axundova üçün ziyalı olmaq cəmiyyət qarşısında məsuliyyət daşımaq, zəifin yanında dayanmaq və insanın ümidini qorumaq deməkdir.

Onun missiyası idarə etməkdən daha böyükdür — insanı qorumaq, gənci itirməmək və sabahı vicdanlı əllərə əmanət etmək. Bu baxımdan Sevda Axundovanın fəaliyyəti təkcə təhsil sahəsinə deyil, bütövlükdə cəmiyyətin mənəvi sağlamlığına xidmət edən bir ziyalı missiyasıdır.

Sevda xanımı yaxından tanıyanlar təhsilə sədaqəti, cəmiyyətə xidmətə söykənən missiyası və insan yönümlü fəaliyyəti ilə tanıyır. Bəs onu hələ kəşf etməyən geniş oxucu auditoriyası üçün Sevda Axundova kimdir — hansı dəyərlərin, hansı düşüncə fəlsəfəsinin daşıyıcısıdır?

Sevda Axundova təhsili həyatının əsas missiyası kimi qəbul edən pedaqoq və idarəçidir. Onun üçün vəzifə sadəcə idarəetmə mexanizmi deyil, gənclərin taleyinə məsuliyyət daşıyan bir etimaddır. Bu baxışını özü belə ifadə edir: “Mənim üçün vəzifə kreslo deyil, bir gəncin taleyinə məsuliyyət daşımaqdır.”

Hazırda Azərbaycan Dövlət Pedaqoji Kollecində sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini vəzifəsində çalışır. Eyni zamanda pedaqoji yönümlü kolleclərin innovativ idarəetmə modellərinin təhsilin keyfiyyətinə təsiri istiqamətində elmi araşdırmalar aparır. Onun yanaşmasına görə, təhsil sistemi yalnız struktur və mexanizmlərdən ibarət deyil — bu, insan talelərinin formalaşdığı mühüm bir məkandır.

İctimaiyyətlə əlaqələr sahəsində gördüyünüz işlər hansı dəyərlərə söykənir və bu fəaliyyət kollec–cəmiyyət münasibətlərində hansı yeni yanaşmaları formalaşdırıb?

İctimaiyyətlə əlaqələr sahəsində əsas hədəf kollec ilə cəmiyyət arasında açıq, etibarlı və davamlı kommunikasiya körpüsünün qurulması olub. Bu istiqamətdə sosial şəbəkələrdə daha sistemli və peşəkar kommunikasiya modeli formalaşdırılıb, media qurumları ilə əməkdaşlıq gücləndirilib.

Kollecin sosial media strategiyası təhsil müəssisəsini yalnız akademik məkan kimi deyil, eyni zamanda dəyərlərə söykənən, sosial məsuliyyət daşıyan pedaqoji mərkəz kimi təqdim etməyə yönəlib. Sosial platformalar təkcə xəbər paylaşımı üçün deyil, pedaqoji və sosial maarifləndirmə məkanı kimi formalaşdırılır.

Media və tərəfdaş qurumlarla görülən işlərin sistemli şəkildə işıqlandırılması kollecin institusional nüfuzunun möhkəmlənməsinə xidmət edir. Paylaşımlarda yalnız keçirilən tədbirlər deyil, onların real nəticələri və tələbələrə verdiyi fayda ön plana çəkilir. Çünki Sevda Axundovanın yanaşmasına görə, “Təhsil diplom vermir, xarakter formalaşdırır; güclü cəmiyyət isə məhz xarakterli gənclərlə qurulur.”

Cəmiyyətə və insana verdiyiniz töhfəni hansı mənəvi ölçülərlə dəyərləndirirsiniz və bu töhfənin insan talelərində yaratdığı dəyişikliklər sizin üçün nə ifadə edir?

Bilirsiniz, mənim  üçün fəaliyyətin ən böyük göstəricisi statistik rəqəmlər deyil, bir gəncin özünə inanmağa başlamasıdır. Sosial çətinliklərlə üzləşən tələbələrin təhsildən uzaq düşməməsi üçün fərdi yanaşmalar tətbiq olunur,  çünki, hər bir tələbənin potensialının qorunmasına xüsusi önəm verirəm.

Düşünürəm ki,  Əgər bir gənc ” mən bacardım” deyə bilirsə, deməli biz doğru yoldayıq. Bir tələbənin gözündə ümid işığını görmək mənim  üçün ən böyük mənəvi mükafatdır.

 Pandemiya və müharibə dövründə ictimaiyyətin gözü qarşısında olmayan, lakin insanların həyatına real dəstək verən xeyriyyəçilik fəaliyyətləriniz hansılardır və bu səssiz yardımın mənəvi əhəmiyyəti sizin üçün nə ifadə edir?”

Bəli, Pandemiya və müharibə dövründə çox işlər gördük.  Həyata keçirilən bu sosial təşəbbüslər ictimaiyyətə məlumdur. Lakin mən  xeyriyyəçiliyi heç vaxt nümayiş vasitəsi kimi qəbul etməmişəm. Bu birmənalı şəkildə belədir.  Axı, “Xeyriyyəçilik səssiz olanda daha dəyərlidir — əsas olan insanın çətin anında yanında olmaqdır.

Anonim şəkildə təhsil haqlarına dəstək, sosial çətinlik yaşayan ailələrə fərdi köməkliklər, psixoloji dəstəyə ehtiyacı olan gənclərlə şəxsi söhbətlər bu fəaliyyətlərin çox zaman görünməyən tərəfidir. Burada əsas məqsəd təşəkkür qazanmaq deyil, insanın ümidini itirməməsidir.

Sizi bu mənəvi keyfiyyətlərə aparan amillər nələrdir?

Mənim  formalaşmağımda ən böyük rol birbaşa  ailəmə  məxsusdur. Valideynlərimdən öyrəndiyim bir prinsip həyatımın əsas istiqamətverici xəttinə çevrilib: “İnsanın dəyəri vəzifəsi ilə deyil, vicdanı ilə ölçülür.”

Həyatın çətinlikləri insanı ya sərtləşdirir, ya da daha həssas edir.  Əminliklə deyə bilirəm ki, mən həssas qalmağı seçdib. Çünki rəhbərlik etdiyim hər bir gənc  mənə yalnız idarəçi kimi deyil, eyni zamanda dayaq nöqtəsi kimi baxır.

Hazırkı fəaliyyətlərinizin mərkəzində duran məqsədlər nədir və bu yol sizin üçün şəxsi və ictimai mənada necə mənalandırılır?

Hazırda əsas fəaliyyətim və  istiqamətlər təhsildə keyfiyyətin artırılması, sosial  mexanizmlərinin gücləndirilməsi və gənclərin liderlik bacarıqlarının inkişafına yönəlib. Belə ki, uğurlu məzunların fəaliyyəti işıqlandırılaraq kollecin real nəticələri cəmiyyətə təqdim olunur.

Mənim üçün Kollektiv ruhunun və sağlam iş mühitinin nümayişi akademik göstəricilər qədər vacib hesab edilir. Sosial şəbəkələr vasitəsilə irəli sürdüyümüz təşəbbüslər gənclərin aktiv, məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir. Açıq kommunikasiya və şəffaf idarəetmə prinsipləri sosial platformalarda da ardıcıl şəkildə tətbiq olunur.

Sevda xanım, sizin üçün gələcək yalnız planlardan ibarət deyil, həm də gənclərin ümid və məsuliyyət yolunda formalaşdığı bir mənəvi məkandır. Bu yolun xəritəsi necə görünür?”

Gələcək hədəflər sırasında kolleclərdə daha sistemli sosial dəstək modelinin qurulması, şəhid və qazi ailələrinin övladları üçün mentorluq proqramlarının yaradılması və gənclər üçün “Sosial Liderlik Məktəbi” layihəsinin reallaşdırılması xüsusi yer tutur.

Onun inancına görə, güclü dövlət yalnız güclü və vicdanlı gənclərlə qurula bilər. Bütün fəaliyyətinin mərkəzində isə bir amal dayanır: insanı qorumaq, dəstəkləmək və inkişaf etdirmək.

Bu işıqlı və aydın, məramı gözəl yolda sizə Rezonans.az oxucuları adından uğurlar arzulayırıq, Sevda Axundova!..

Xəbəri paylaş: