Azərbaycanın rəqəmsal transformasiya strategiyasında mühüm istiqamətlərdən biri də beynəlxalq kommunikasiya şəbəkələrinin genişləndirilməsidir.

img

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda keçirilmiş müşavirə ölkənin texnoloji inkişaf tarixində mühüm mərhələ kimi dəyərləndirilir. Müşavirədə dövlətimizin başçısı tərəfindən səsləndirilən fikirlər və verilən tapşırıqlar göstərir ki, rəqəmsallaşma ümumi dövlət strategiyasının ayrılmaz tərkib hissəsidir. Burada söhbət qərarvermə mexanizmlərinin modernləşdirilməsindən və iqtisadi modelin yeni mərhələyə keçidindən gedir.

Rəqəmsal texnologiyaların geniş tətbiqi iqtisadiyyatın diversifikasiyasını sürətləndirir, idarəetmədə şəffaflığı artırır, innovasiya mühitini gücləndirir, yeni texnoloji bazarların formalaşmasına şərait yaradır. Azərbaycanın bu sahəni dövlət siyasətinin əsas prioritetləri sırasına daxil etməsi ölkənin post-neft inkişaf strategiyasının məntiqi davamı kimi qiymətləndirilməkdədir. Cənab Prezidentin çıxışında Azərbaycanın əsas üstünlüklərindən biri kimi ölkənin strateji coğrafi mövqeyi xüsusi qeyd edilmişdir. Asiya ilə Avropa arasında yerləşmə, beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin üzərində tutduğu mövqe ölkəmizin qlobal logistika və kommunikasiya sistemində mühüm rolunu gücləndirir. 

Rəqəmsal arxitekturanın qurulması ilə paralel olaraq təhlükəsizlik məsələləri də müşavirənin əsas mövzularından biri oldu. Dövlət informasiya sistemlərinin, maliyyə sektorunun və strateji infrastrukturun kibermüdafiəsi milli təhlükəsizlik kontekstində qiymətləndirilir. Rəqəmsallaşma artdıqca kiberhücum riskləri də nəzərə alınaraq, qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsi vacib sayılır. Milli məlumat bazalarının qorunması, strateji informasiyanın təhlükəsiz saxlanılması və beynəlxalq kibertəhlükəsizlik standartlarının tətbiqi rəqəmsal suverenliyin əsas elementlərindəndir. Bu sahədə institusional mexanizmlərin gücləndirilməsi və peşəkar kadrların hazırlanması uzunmüddətli sabitliyin təminatıdır.

Rəqəmsal transformasiya güclü enerji təminatı olmadan mümkün deyil. Son 20 ildə Azərbaycanın generasiya gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatıb. Qaz, hidro, Günəş və külək elektrik stansiyalarının istismara verilməsi enerji təhlükəsizliyini təmin edib. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücü mövcuddur ki, bu da data mərkəzlərinin və süni intellekt infrastrukturlarının qurulması üçün mühüm şərtdir. Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir və enerji resurslarını dünya bazarlarına ixrac edir. Eyni zamanda, bərpaolunan enerji layihələri üzrə imzalanmış müqavilələr gələcəkdə generasiya gücünün daha da artacağını göstərir. Rəqəmsal infrastrukturun inkişafı bu enerji potensialı ilə birbaşa bağlıdır. Dövlətimizin başçısının vurğuladığı kimi, həm əhali artır, həm sənaye istehsalı xüsusilə qeyri-neft sektorunda artır və bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır. Rəqəmsal inkişafın səmərəli təşkili üçün dövlət qurumları arasında sıx koordinasiya əsas şərt kimi müəyyən edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qısa müddətdə konkret tədbirlər planının hazırlanması tapşırılıb. Hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxsin müəyyənləşdirilməsi idarəetmədə operativliyi artıracaq.

Süni intellektin dövlət idarəçiliyində tətbiqi, qərarların qəbulunda texnoloji dəstəyin artırılması və özəl sektora müvafiq təşviq mexanizmlərinin yaradılması da mühüm vəzifələr kimi müəyyən edilmişdir. Eyni zamanda, kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət yetirilməli, mövcud Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti gücləndirilməlidir. Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın rəqəmsal gələcəyinin strateji istiqamətlərini müəyyən edir. Mövcud üstünlüklərdən səmərəli istifadə etməklə, güclü enerji və infrastruktur bazasına, beynəlxalq tərəfdaşlıqlara və investisiya imkanlarına əsaslanaraq Azərbaycan rəqəmsal transformasiya sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilməyi hədəfləyir. Yeni fəaliyyət planının uğurlu, səmərəli icrası Azərbaycanın inkişaf modelində yeni mərhələni möhkəmləndirəcəkdir.

 

Emin Feyzizadə   

YAP Tovuz rayon təşkilatının məsləhətçisi                             

Xəbəri paylaş: