Azərbaycan və Serbiya arasında diplomatik münasibətlər 1997-ci ildə qurulub. Azərbaycan və Serbiya strateji tərəfdaşlıq əlaqələrinə malik ölkələrdir. Bununla bağlı bir neçə sənəd imzalanıb ki, onlardan biri də 2022-ci ilin noyabrında Belqradda imzalanan Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumdur. Qarşılıqlı səfərlər Azərbaycan-Serbiya əlaqələrinin inkişafına və strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyev fevralın 15-də Serbiya Respublikasında rəsmi səfərdə oldu. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsində əhəmiyyəti ilə diqqətdədir. Səfər zamanı Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi. Həmin iclasda Serbiya Prezidenti Aleksandar Vuçiç bildirdi ki, biz dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq. Biz bu məqsədə doğru gedəcəyik. Bu o deməkdir ki, biz müxtəlif sahələrdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün ürəkdən çalışacağıq. Dostlara gəldikdə, qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Arzu edirik ki, dostluq, daha yaxşı münasibətlərin qurulması, qarşılıqlı əlaqələr daha sürətlə və intensiv inkişaf etsin.
Cənab İlham Əliyev “Yenidən Serbiyada olmaqdan çox şadam. Həmçinin təkcə bazar günü deyil, həm də milli bayram günündə mənə vaxt ayırdığına görə dostum Aleksandara minnətdaram. Yeri gəlmişkən, Dövlətçilik Gününüzü təbrik edirəm. Bunun özü də aramızdakı səmimiyyətin səviyyəsini nümayiş etdirir ki, dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur” fikirləri ilə iki ölkənin münasibətlərinin aydın mənzərəsini təqdim etdi. Onu da vurğuladı ki, Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmalıyıq ki, hədəfimizə maksimum dərəcədə çataq.
Səfər zamanı imzalanan sənədlər də münasibətlərimizin hazırkı inkişaf səviyyəsinin təqdimatı oldu. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiya Respublikasının İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu”,“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Serbiya Respublikasının İnformasiya və Telekommunikasiya Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Serbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Serbiya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”u mübadilə edildi.
Prezident İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarında iki dost ölkənin münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, bunun üçün böyük potensialın olduğunu diqqətə çatdırdılar. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycan-Serbiya münasibətlərinin qarşılıqlı etimad və dostluq prinsipləri əsasında inkişaf etdiyini bir daha təsdiqlədi.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri









