Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatında tarixən azərbaycanlılara qarşı yürüdülmüş soyqırımı və etnik təmizləmə siyasətinə dair tarixi faktları özündə əks etdirən “Susmayan həqiqətlər” sərgisinə yekun vurulub.
Rezonans.az xəbər verir ki, tədbirdə Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə çıxış edərək, Ombudsman tərəfindən təşkil edilmiş “Susmayan həqiqətlər” sərgisinin azərbaycanlılara qarşı törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinə dair tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılması və bu həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxış edib, Ermənistan tərəfindən azərbaycanlılara qarşı uzun illər ərzində həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasətindən, xüsusilə indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın zorla çıxarılmasından danışıblar.
Tədbirin yekununda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bəyanatı səsləndirilib. Bəyanatda Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən ilk dəfə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsi ilə həmin hadisələrə siyasi qiymətin verildiyi vurğulanıb.
Qeyd edək ki, martın 2-dən martın 31-dək davam etmiş “Susmayan həqiqətlər” sərgisində nümayiş olunan nəşrlər, eləcə də arxiv sənədləri, fotoşəkillər və digər materiallar yerli və xarici qonaqların böyük maraqla qarşılanıb. İştirakçılar sərginin xatirə dəftərinə öz təəssüratlarını qeyd ediblər.









