Təqdim edilmiş məlumatlara əsasən, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı xərclər üzrə hesabat ilində 24,5 milyon məbləğində vəsait icra edilib. Əvvəlki ildə bu istiqamətdə analitik fəaliyyət aparmışıq. Eyni zamanda, hesabat ili üzrə bu məsələni kənar dövlət maliyyə nəzarəti (KDMN) çərçivəsində diqqətdə saxlayırıq.
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, təhlillər göstərir ki, bu bölüşdürülməmiş xərc istiqaməti ilə yanaşı, qurumların smetasında da müvafiq məqsədə vəsait nəzərdə tutulur və icra edilir:
"Bu sahə üzrə dövlət auditinin bəzi nəticələrini diqqətə çatdırmaq istərdim. “İcbari sığortalar haqqında” Qanunun tələbləri pozularaq, təhlil edilən dövlət qurumlarının balansındakı bütün daşınmaz əmlakların sığorta müdafiəsi tam təmin olunmayıb, sığortalama prosesi risk amillərinə görə deyil, yalnız ayrılmış büdcə vəsaitinin limitlərinə uyğun icra edilib. Müqavilələr üzrə sığorta hadisələrinin əksəriyyətində kompensasiya mexanizmləri işləməyib, bəzi hallarda sığorta təminatına daxil olan iddialar üzrə isə hadisələrin baş verməsindən uzun müddət keçməsinə baxmayaraq, sığorta şirkətləri tərəfindən öhdəliklərin icrası və ödənişlərin rəsmiləşdirilməsi gecikmiş və ya tam təmin olunmayıb. Bəzi hallarda sığortalanmış əmlaka dəymiş ziyan üzrə büdcədən təkrar xərclər çəkilib (sığorta şirkətlərinə müraciət edilməyib və müraciət üzrə xərclərin bir hissəsi kompensasiya edilib). Qeyd olunanları nəzərə alaraq sığorta risklərinin effektiv idarəolunması üzrə mexanizmlərin gücləndirilməsini və bu xərclərə nəzarətin artırılmasını tövsiyə edirik".









