26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan dövlətinin müasir tarixində xüsusi siyasi məna daşıyan əlamətdar günlərdən biridir

img

26 İyun – Silahlı Qüvvələr Günü təkcə bir dövlət quruculuğu və hərbi strukturun formalaşması günü deyil. Bu gün, eyni zamanda, millətin öz varlığını, istiqlalını və suverenliyini qorumaq üçün ayağa qalxdığı, nəfəsini, qüvvəsini, qəlbini silaha, sipərə və bayrağa çevirdiyi müqəddəs bir anın simvoludur. Bu günün mənası tarixi qanunauyğunluqla yanaşı, milli şüurun dərin qatlarına nüfuz etmiş, hər bir vətəndaşın ruhunda daşıdığı qürur və məsuliyyət kimi ifadə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın erməni tapdağında qalmış, hər bir guşəsində erməni vandalizminin izlərini daşıyan torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması ilə tariximizin ən şanlı səhifələrindən biri yazıldı. Bu tarixi Qələbə həm də Ümummilli Lider Heydər Əliyevin arzusunun gerçəkləşməsi idi. Məhz bu səbəbdən 26 İyun - Silahlı Qüvvələr Günü hər bir azərbaycanlının qürur duyduğu, vətənpərvərlik hissini dərinləşdirən müqəddəs bir tarixdir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və Azərbaycan xalqının sarsılmaz birliyinin təcəssümüdür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 iyun rəsmi dövlət bayramı – Silahlı Qüvvələr Günü elan edilmişdir. Bu qərar milli ordu quruculuğu tariximizin əhəmiyyətinin dövlət səviyyəsində təsdiqi idi.Xalqımız bu bayramı hər il təntənə ilə qeyd edir. Azərbaycan Ordusunun tarixi mübarizə, fədakarlıq və sarsılmaz Vətən sevgisi üzərində qurulmuş şanlı bir yolun təcəssümüdür. Bu ordu təkcə silah yolu ilə deyil, milli ruhu, mənəvi dəyərləri və xalq-ordu birliyi ilə tarix yazan qalib ordudur. Qalib ordumuzun keçdiyi imkişaf yoluna nəzər salsaq görərik ki, silahlı qüvvələrimiz milli qürurumuzun, əyilməz ruhumuzun və müstəqilliyimizi, suverenliyimizi qorumaq əzminin bariz nümunəsidir. Silahlı Qüvvələrimizin gücləndirilməsi və bütün qoşun növlərinin döyüş hazırlığının yüksəldilməsi Prezident İlham Əliyevin respublikamıza rəhbərliyinin ilk günündən xüsusi diqqət yetirdiyi məsələdir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu siyasət qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirib. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlaması üçün əsaslı təminatdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan məhz bu gücü formalaşdırmağa nail oldu. Ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Müdafiə sənayesinin yaradılması, hərbi büdcənin dəfələrlə artırılması, ən müasir silah sistemlərinin alınması, peşəkar hərbi kadrların hazırlanması və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi Azərbaycanın müdafiə potensialını tamamilə yeni səviyyəyə yüksəltdi. Bu gün Silahlı Qüvvələr Günü artıq fərqli bir ruh yüksəkliyi ilə qeyd olunur. Azərbaycan Ordusu qalib ordudur. Əsgər və zabitlərimiz yalnız dövlət sərhədlərimizi qorumaqla kifayətlənmir, həm də regionda sülhün və sabitliyin təmin olunmasına öz töhfələrini verirlər. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qələbəmizin real nəticələrini nümayiş etdirir. 26 İyun – Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu gün biz güclü dövlətimizin, qüdrətli ordumuzun və qəhrəman hərbçilərimizin xidmətlərini ehtiramla yad edir, şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla anırıq. Azərbaycan Ordusu bundan sonra da ölkəmizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı olaraq qalacaqdır.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: