Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir

img

2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməklə yanaşı, mövcud tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm zəmin yaratdı. Səfər zamanı müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, səfər çərçivəsində imzalanmış sənədlər Azərbaycan–Türkmənistan əlaqələrinin gələcək inkişafına xidmət edəcək və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcək. Bu sənədlər siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsi və humanitar münasibətlərin dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistan arasında formalaşmış hüquqi baza son illər ərzində əməkdaşlığın genişlənməsində mühüm rol oynayıb. İki ölkə arasında müxtəlif istiqamətlər üzrə imzalanmış sazişlər qarşılıqlı münasibətlərin etibarlı əsaslar üzərində qurulduğunu göstərir. Yeni sənədlər isə bu bazanı daha da zənginləşdirərək strateji tərəfdaşlığın institusional əsaslarını gücləndirir. Dövlət başçısı çıxışında nəqliyyat sahəsini qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri kimi qiymətləndirib. Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu, beynəlxalq limanlar və logistika imkanları Türkmənistan üçün də geniş əməkdaşlıq perspektivləri açır. Bu baxımdan iki ölkə arasında koordinasiyanın gücləndirilməsi həm region dövlətləri, həm də Avrasiya məkanında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir. Xüsusilə BMT və digər beynəlxalq platformalarda nümayiş etdirilən qarşılıqlı dəstək iki qardaş ölkənin strateji maraqlarının üst-üstə düşdüyünü göstərir. Bu əməkdaşlıq regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə də xidmət edir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev humanitar sahədə əməkdaşlığın da önəmini qeyd edib. Təhsil, elm, mədəniyyət, idman və digər istiqamətlərdə həyata keçirilən layihələr xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Türkmənistanın ortaq mədəni irsi bu sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov da öz növbəsində bəyan edib ki, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi Türkmənistanın xarici siyasətində mühüm yer tutur. O, iki ölkə arasındakı münasibətlərin uzunmüddətli maraqlara cavab verdiyini və bütün əsas istiqamətlər üzrə inkişaf etdiriləcəyini vurğulayıb. Mətbuata bəyanat zamanı səsləndirilən fikirlər onu deməyə əsas verir ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Hər iki ölkə regional sabitliyin, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın gücləndirilməsi istiqamətində oxşar mövqedən çıxış edir. Bu isə tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə və yeni layihələrlə zənginləşəcəyinə əminlik yaradır. Bu gün Azərbaycan–Türkmənistan münasibətləri ortaq tarix və mədəniyyətə söykənən ənənəvi dostluq çərçivəsini aşaraq strateji məzmun qazanmaqdadır. Prezident İlham Əliyevin bəyanatında əksini tapan əsas mesajlardan biri də məhz budur: qardaş xalqların birliyi, dövlətlərin qarşılıqlı etimadı və siyasi iradəsi gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri və səfər çərçivəsində aparılan müzakirələr iki ölkə arasında əlaqələrin daha da inkişafına yeni impuls verəcək, Azərbaycan–Türkmənistan strateji tərəfdaşlığını daha yüksək səviyyəyə qaldıracaqdır.

Arifə Abbasova

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: