Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri bu gün yeni məzmun və strateji əhəmiyyət qazanaraq daha da möhkəmlənir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevin 22 iyun 2026-cı il tarixdə mətbuata verdiyi bəyanat Azərbaycan və Türkmənistan arasında əlaqələrin geniş perspektivlərini bir daha nümayiş etdirdi. Azərbaycan və Türkmənistan arasındakı münasibətlər möhkəm tarixi köklərə, ortaq mədəniyyətə və mənəvi dəyərlərə əsaslanır. Son illər qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, yaradıcı kollektivlərin çıxışları və şəhərlər arasında qardaşlaşma əlaqələri xalqların bir-birinə yaxınlığını daha da gücləndirir. Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağ şəhərlərinin qardaş şəhərlər elan olunması əməkdaşlığın humanitar sahədə də uğurla inkişaf etdiyini göstərir. Prezident İlham Əliyevin Qarabağın bərpasında göstərilən köməyə görə Türkmənistan rəhbərliyinə təşəkkür etməsi iki ölkə arasındakı qardaşlıq münasibətlərinin mühüm göstəricisidir. Xüsusilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Füzuli şəhərində məscid tikintisi təşəbbüsü mənəvi həmrəyliyin və tarixi bağlılığın təzahürüdür. Qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən geniş gündəliyin olduğunu, bir çox məsələlər üzrə fikir mübadiləsinin aparıldığını, müzakirələrin nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyev Türkmənistan Prezidentinin Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etməsindən məmnun olduğunu dedi. Dövlətimizin başçısı Türkmənistan nümayəndə heyətinin üzvlərinin səfər çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli müzakirələr aparacaqlarına əminliyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında imzalanacaq sənədlərin əhəmiyyətinə də toxundu. Bunu münasibətlərimizin geniş gündəliyinin göstəricisi kimi qiymətləndirdi. Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirən dövlətimizin başçısı bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırlatdı. Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu dedi. Azərbaycan və Türkmənistan zəngin enerji ehtiyatlarına malik ölkələr kimi regional enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar. Hər iki dövlət enerji sektorunda səylərin birləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərmək niyyətindədir. Bu əməkdaşlıq həm Xəzər regionunda enerji layihələrinin inkişafına, həm də beynəlxalq enerji bazarlarında tərəflərin mövqelərinin möhkəmləndirilməsinə xidmət edir. Prezidentlərin iştirakı ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikası ilə Türkmənistan arasında bir sıra mühüm sənədlər imzalanmış və mübadilə olunmuşdur. Bu sənədlər siyasi dialoqun, iqtisadi əməkdaşlığın, nəqliyyat, energetika, humanitar və digər sahələr üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə xidmət edir. İmzalanan sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə, əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsinə və yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına zəmin yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Əldə olunan razılaşmalar və verilən siyasi mesajlar göstərir ki, iki qardaş ölkə qarşılıqlı etimada əsaslanan münasibətlərini daha da genişləndirmək, regional əməkdaşlığa töhfə vermək və ortaq maraqlara xidmət edən yeni layihələr həyata keçirmək əzmindədir. Tarixi köklərə, ortaq mədəniyyətə və qarşılıqlı hörmətə söykənən Azərbaycan–Türkmənistan tərəfdaşlığı gələcək illərdə də regionun sabitliyi, iqtisadi inkişafı və inteqrasiyası baxımından mühüm rol oynamağa davam edəcəkdir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









