Ordu quruculuğunun davam etdirilməsi əsas çağırışlardandır

img

Azərbaycan 1991-ci ilin oktyabr ayında müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. 

Azərbaycanın tarixi Zəfəri Heydər Əliyev yolunun ölkəmizə qazandırdığı uğurların təqdimatıdır. Ölkəmiz bütün sahələrdə davamlı uğurlara imza atdı, Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı, müstəqilliyimizin qarantı olan Ordumuzun gücü, qüdrəti artdı. Beynəlxalq standartlara cavab verən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazdı. 

Tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan 2020-ci il 10  dekabr tarixində  Azərbaycan və Türkiyə  Prezidentlərinin  iştirakı ilə Bakıda keçirilən  möhtəşəm Zəfər Paradını xüsusi qeyd etmək istərdik.  Düşməndən qənimət olaraq götürülmüş silah-sursat və texnika ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayrağımız  bu paradda nümayiş etdirildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbçilərlə mütəmadi görüşlərində daim bildirirdi ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Belə də oldu. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti döyüş meydanında təmin etdi. İkinci Qarabağ müharibəsi İlham Əliyevin böyük sərkərdəliyi ilə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Dövlət başçısı 2021-ci il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bildirmişdir: “Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər Ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, silah-sursat təchizatı, komando bölmələri yaradılır. Komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Ordumuzun daha da gücləndirilməsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Bu statistik rəqəmi də qeyd etmək istərdik ki, 2025-ci ildə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. 2026-cı ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 714,8 milyon manat vəsait yönəldilib.

Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir, bir çox kontraktlar imzalanıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev keçilən yolun təhlili fonunda bir daha belə bir əminliyi ifadə edir ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq. Bu gün regionda proseslər yenə də bizim təkliflərimiz əsasında cərəyan edir. Şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik.

Tarixi Zəfərimiz növbəti zəfərlərə yol açdı. 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. Artıq Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı dalğalanır. Bu torpaqlarda genişmiqyaslı bərpa işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın mərhələ-mərhələ qayıdışı həyata keçirilir. 

Suverenliyimizin tam bərpa edilməsi ilə ölkəmizin həyatında yeni dövr başladı. Bu dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev andiçmə mərasimində hədəfləri açıqlayarkən bildirdi ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim: “Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir”.

Ordu quruculuğu prosesinin  davam etdirilməsi əsas çağırışlardandır. Onu da qeyd edək ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan beynəlxalq hərbi əlaqələrini xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində reallaşdırır. Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycanın milli maraqlarına uyğun olaraq müəyyən olunur. Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları, idarə, təşkilat və müəssisələrlə əlaqəli şəkildə, Müdafiə Nazirliyi tərəfindən Hərbi Doktrina və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası” əsasında həyata keçirilir. Xarici ölkələrlə, Avroatlantik strukturlarla, beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərin müdafiə sənayesi kompleksləri ilə birtərəfli, ikitərəfli və çoxtərəfli əməkdaşlıq beynəlxalq hərbi strategiyanın əsas istiqamətlərindəndir. Azərbaycan qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və sair ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Xəbəri paylaş: