"Müəllim cəmiyyət qarşısında böyük məsuliyyət daşıyan peşə sahibidir" - Xoşqədəm Xudiyeva

img

Müəllim cəmiyyət qarşısında böyük məsuliyyət daşıyan peşə sahibidir. Onun davranışı, danışığı və insanlarla münasibəti yalnız auditoriyaya deyil, həm də təhsil müəssisəsinin nüfuzuna təsir göstərir.


Əsl müəllim təkcə dərs keçməklə kifayətlənmir. O, daim öz üzərində işləyir, peşəkar bilik və bacarıqlarını inkişaf etdirir, əmək bazarındakı yenilikləri izləyir, tələbələrini gələcək peşə həyatına hazırlayır və onlara həm bilik, həm də mənəvi dəyərlər baxımından nümunə olur. Təhsil üçün təşəbbüskarlıq göstərir.


Əsl müəllim tələbələrə, valideynlərə və həmkarlarına hörmətlə yanaşır, obyektiv, ədalətli və şəffaf davranır. Şəxsi münasibətlərini peşə fəaliyyətinə qarışdırmır, etik normalara riayət edir və sağlam iş mühitinin formalaşmasına töhfə verir.


Təəssüf ki, bəziləri öz üzərində işləmədən, peşəkar inkişafına vaxt ayırmadan başqalarının əməyinə kölgə salmağa, lağ etməyə və onları gözdən salmağa çalışırlar. Halbuki həqiqi müəllim başqasının uğurundan narahat olmur. O, uğur qazanan həmkarını təbrik edir, ondan öyrənir və özünü daha da inkişaf etdirməyə çalışır.


Başqasını alçaltmaq heç kəsi yüksəltmir. Peşəkarlıq qeybət, istehza və qarşıdurma yaratmaqla deyil, bilik, zəhmət, etik davranış və nümunəvi fəaliyyəti ilə ölçülür. Tələbələr yalnız fənni deyil, müəllimin şəxsiyyətini, davranışını və peşə mədəniyyətini də öyrənirlər.


Unutmayaq: Güclü təhsil güclü müəllimlə, güclü müəllim isə bilik, peşəkarlıq və yüksək etik davranışla formalaşır.


Xoşqədəm Xudiyeva

Xəbəri paylaş: