İyulun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Prezident İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin mətbuata verdikləri bəyanatlar təkcə iki ölkə arasında münasibətlərin inkişafını deyil, həm də Cənubi Qafqazın lider dövləti, Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın beynəlxalq nüfuzunun və regional liderlik mövqeyinin daha bir təsdiqini nümayiş etdirdi. Şuşanın belə mühüm siyasi dialoq üçün seçilməsi xüsusi rəmzi məna daşıyır. Qururverici haldır ki, Şuşa artıq yalnız tarixi zəfərin simvolu deyil, həm də beynəlxalq əməkdaşlıq və diplomatik təşəbbüslərin mərkəzlərindən birinə çevrilib. İyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə xidmət edir. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə əhəmiyyətli təsir göstərəcək. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Dövlətimizin başçısı 2024-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənı xatırladaraq sənədin icrasından məmnunluq ifadə edib. Nəzərə alaq ki, Slovakiya Prezidentinin səfəri zamanı iqtisadi-ticari əlaqələr, energetika, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr müzakirə mövzusu olub. Prezident İlham Əliyev Slovakiyanın dövlət başçısı Peter Pelleqrini ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycan ilə Slovakiya arasında formalaşmış strateji tərəfdaşlığın konkret nəticələr verdiyini vurğuladı. Dövlət başçısı xatırladıb ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə münasibətlərin yeni mərhələyə yüksəlməsini təmin edib və bu gün həmin sənəd real layihələrlə təsdiq olunur. Bu, Azərbaycan xarici siyasətinin praqmatik və etibarlı tərəfdaşlıq modelinin uğurlu nəticəsidir. Mətbuat konfransında Prezident Peter Pelleqrinin çıxışında səsləndirilən fikirlər də diqqətəlayiq idi. Qarabağda qısa müddətdə həyata keçirilən bərpa və quruculuq işlərini yüksək qiymətləndirən Prezident Peter Pelleqrin Azərbaycanı regionun sabitliyi, inkişafı, logistika və enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş adlandırıb. Slovakiya Prezidentinin bu qiymətləndirməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisi kimi dəyərləndirilə bilər. Azərbaycanın tarixi şəhəri Şuşada səsləndirilən bəyanatlar bir daha göstərdi ki, ölkəmiz artıq postmünaqişə dövrünün gündəliyini özü müəyyənləşdirən dövlətdir. İşğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa işləri, xarici investorların cəlb edilməsi və beynəlxalq tərəfdaşların layihələrə qoşulması Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının uğurla reallaşdığını təsdiqləyir. Bəyanatlarda nəqliyyat, iqtisadiyyat, müdafiə sənayesi, texnologiya və biznes sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə olunan razılaşmalar gələcək üçün böyük perspektivlər vəd edir. Xüsusilə birbaşa hava əlaqələrinin yaradılması, biznes forumlarının təşkili və birgə istehsal layihələrinin təşviqi iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçəcəyindən xəbər verir. Prezident İlham Əliyevin Şuşada verdiyi bəyanat Azərbaycanın müstəqil, balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət kursunun növbəti uğurlu təqdimatı oldu. Slovakiya Prezidenti Peter Pelleqrinin səfəri isə sübut etdi ki, Azərbaycan Avropa dövlətləri üçün etibarlı siyasi, iqtisadi və enerji tərəfdaşı olmaqla yanaşı, sülhün, inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın təşəbbüskarı kimi beynəlxalq nüfuzunu davamlı şəkildə möhkəmləndirir. Bu gün ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, məsuliyyətli dövlət və mühüm geosiyasi aktor kimi tanınır. Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara əsaslanan praqmatik və balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmiz həm regionda sabitliyin təmin olunmasına, həm də qlobal əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Müasir dövrdə Azərbaycanın xarici siyasəti yalnız mövcud tərəfdaşlıqların qorunmasına deyil, həm də yeni əməkdaşlıq formatlarının yaradılmasına, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə və davamlı sülhün təmin olunmasına xidmət göstərir. Məhz bu strateji kurs ölkəmizin gələcək inkişafının, beynəlxalq nüfuzunun və qlobal siyasətdə rolunun daha da artmasını təmin edən əsas amillərdir.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









