Bu gün Rezonans.az-ın təqdim etdiyi "BİZDƏN BİRİ" rubrikasının ilk müsahibi, ilk qonağı “BİZDƏN BİRİN”ndə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Mətbuat katibi Araz Əsgərlidir.
Rezonans.az Araz Əsgərli ilə “BİZDƏN BİRİ” rubrikasının müsahibəsini təqdim edir:
Salam, Araz müəllim Sizi Rezonans.az-ın "BİZDƏN BİRİ" rubrikasında görməkdən böyük məmnunluq duyuruq.
Bu rubrika media sahəsində çalışan peşəkarların həyat və fəaliyyət yolunu, qazandıqları uğurları, qarşılaşdıqları çətinlikləri, peşəyə baxışlarını və cəmiyyətə vermək istədikləri mesajları oxucularımıza daha yaxından tanıtmaq məqsədi daşıyır.
Dəvətimizi qəbul etdiyiniz və dəyərli vaxtınızı bizimlə bölüşdüyünüz üçün Sizə təşəkkür edir, səmimi və maraqlı söhbət arzulayırıq.
Çox sağ olun!
Özünüzü oxucularımıza necə təqdim edərdiniz?
İlk növbədə bir məqamı qeyd etmək istərdim ki, özümü klassik mənada jurnalist hesab etmirəm. İxtisasca hüquqşünasam və peşə fəaliyyətim əsasən dövlət qurumlarında müxtəlif istiqamətlərdə, xüsusilə media kommunikasiyası və ictimaiyyətlə əlaqələr sahəsində formalaşıb. Hazırda da fəaliyyətimi mətbuat katibi kimi davam etdirirəm.
Bu baxımdan, məni tanıyanlar şəxsi jurnalist fəaliyyətimə görə deyil, çalışdığım dövlət qurumlarında həyata keçirdiyim kommunikasiya fəaliyyəti vasitəsilə tanıyırlar. Fəaliyyətimin əsas məqsədi dövlətlə cəmiyyət arasında sağlam informasiya mühitinin formalaşmasına töhfə verməkdir.
Media isə heç vaxt mənim üçün yad sahə olmayıb. Bu mühit uşaqlıqdan doğma olub. Atam peşəkar jurnalist idi və sözün məsuliyyətini, xəbərin dəyərini, həqiqətə xidmət etməyin əhəmiyyətini ilk dəfə ailədə görmüşəm. Sonralar dövlət qulluğunda qazanılmış hüquqi və idarəçilik təcrübəsi media kommunikasiyası sahəsində fəaliyyətimi daha da zənginləşdirib.
Hüquqşünas olaraq media kommunikasiyası sahəsinə keçidiniz necə baş verdi?
Bu sahəyə keçid peşə fəaliyyətimin təbii davamı oldu. Dövlət qulluğunda çalışdığım illər ərzində hüquqi biliklərlə yanaşı, ictimai kommunikasiya, informasiya siyasəti və media ilə münasibətlərin dövlət idarəçiliyində nə qədər mühüm yer tutduğunu yaxından müşahidə etmək imkanı qazandım.
Xüsusilə daxili işlər orqanlarında media və ictimaiyyətlə əlaqələr istiqamətində fəaliyyət göstərdiyim dövr bu sahədə peşəkar formalaşmağıma ciddi təsir göstərdi. Hüquqi düşüncə ilə kommunikasiya bacarığının vəhdəti cəmiyyətə düzgün, operativ və məsuliyyətli informasiyanın çatdırılması baxımından mühüm üstünlük yaradır.
Əmək fəaliyyətinizə harada başlamısınız?
İxtisasca hüquqşünasam. Əmək fəaliyyətimə Dövlət Miqrasiya Xidmətində başlamışam. Daha sonra uzun illər daxili işlər orqanlarında müxtəlif istiqamətlər üzrə çalışmışam. Bu müddətdə həm hüquq-mühafizə fəaliyyəti, həm də media və ictimaiyyətlə əlaqələr sahəsində mühüm təcrübə qazanmışam.
Hazırda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında media kommunikasiyası sahəsində fəaliyyətimi davam etdirirəm.
Bu günə qədər hansı media qurumlarında çalışmısınız?
Əslində, media qurumlarında çalışmamışam. Fəaliyyətim dövlət qurumlarının media və ictimaiyyətlə əlaqələr istiqamətində olub. Bu səbəbdən peşə fəaliyyətimi klassik jurnalistika deyil, institusional media kommunikasiyası kimi qiymətləndirirəm.
Peşə fəaliyyətinizə ən böyük təsiri göstərən mərhələ hansı olub?
Həyatda hər hansı bir hadisəni “dönüş nöqtəsi” adlandırmağı doğru hesab etmirəm. Həyat davam edən bir prosesdir və insan bəzən illər sonra hansı hadisənin taleyində xüsusi rol oynadığını anlayır.
Peşə fəaliyyətinin hər mərhələsi, qarşıya çıxan hər çətinlik və qazanılan hər təcrübə bugünkü peşəkar baxışın formalaşmasına öz töhfəsini verib.
Peşənizin ən çətin tərəfi nədir?
Media kommunikasiyası sahəsində çalışan şəxsin məsuliyyəti bir qədər fərqlidir. Jurnalist ilk növbədə öz yazısına və peşə mövqeyinə görə cavabdehdirsə, mətbuat katibi təmsil etdiyi qurumun fəaliyyətini düzgün təqdim etmək məsuliyyətini daşıyır.
Bu sahədə dövlət maraqları, ictimai maraq, operativlik, şəffaflıq və peşəkarlıq arasında həssas tarazlığı qorumaq vacibdir. Eyni zamanda media nümayəndələri ilə qarşılıqlı etimada əsaslanan münasibət qurmaq peşənin ayrılmaz hissəsidir.
Peşəkarlıq yalnız informasiyanı çatdırmaqla məhdudlaşmır. Əsas məsələ cəmiyyətin etimadını qorumaq, düzgün kommunikasiyanı təmin etmək və təmsil olunan qurumun nüfuzuna məsuliyyətlə yanaşmaqdır.
Azərbaycanda medianın bugünkü inkişafını necə qiymətləndirirsiniz?
Azərbaycan mediasının inkişafını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, ölkənin ümumi inkişafı ilə paralel olaraq media da həm texnoloji imkanlar, həm peşəkarlıq, həm də institusional baxımdan inkişaf edir.
Əsas məsələ bu inkişafın peşə etikası, obyektivlik və cəmiyyət qarşısında məsuliyyət prinsipləri ilə müşayiət olunmasıdır.
Sosial medianın jurnalistikaya təsiri barədə fikirləriniz?
Sosial media informasiyanın yayılma sürətini xeyli artırıb. Lakin sürət heç vaxt dəqiqliyi əvəz etməməlidir.
Bəzən sosial şəbəkələrdə formalaşan ümumi rəy xəbərin özündən daha sürətlə yayılır. Peşəkar jurnalist ilk növbədə informasiyanı yoxlamalı, hadisələrə emosiyalarla deyil, faktlarla yanaşmalıdır. Çünki etibarın əsası operativlik deyil, dəqiqlikdir.
Süni intellekt jurnalistikanın gələcəyinə necə təsir edəcək?
Süni intellekt jurnalistin rəqibi deyil, köməkçisidir.
O, məlumatların emalını sürətləndirə, texniki işləri asanlaşdıra bilər. Amma hadisəni qiymətləndirmək, konteksti anlamaq, etik qərar vermək və insan faktorunu hiss etmək yalnız təbii intellektə məxsus üstünlüklərdir.
Süni intellekt ilk növbədə təbii intellektli insanların imkanlarını genişləndirən bir vasitədir.
Uğur sizin üçün nə deməkdir?
Uğur yalnız tutulan vəzifə ilə ölçülmür.
Uğur, ilk növbədə, geridə qoyulan etibardır. İnsanların göstərilən fəaliyyətə inanması, ona hörmətlə yanaşması və vicdan qarşısında hesabat verə bilmək ən böyük uğurdur.
Eyni zamanda uğur hər bir işi məsuliyyətlə başa çatdırmaq, sabaha alnıaçıq baxmaq və arxada yaxşı ad qoymaqdır.
Boş vaxtınızı necə keçirirsiniz?
Boş vaxtımı daha çox mütaliəyə, araşdırmalara və ailəmlə birlikdə keçirməyə üstünlük verirəm. Hesab edirəm ki, peşəkar inkişaf yalnız iş otağında deyil, oxunan kitablarda, aparılan müşahidələrdə və ailədən alınan mənəvi dəstəkdə formalaşır.
Jurnalist olmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
Çox oxusunlar, çox müşahidə etsinlər və heç vaxt öyrənməkdən vaz keçməsinlər.
Jurnalist hər şeydən əvvəl prinsipial, əqidəli və vicdanlı olmalıdır. Həqiqəti müdafiə edərkən emosiyalara deyil, faktlara söykənməli, peşə etikasına daim sadiq qalmalıdır.
Yaxşı jurnalist yalnız xəbəri yazan deyil, cəmiyyət qarşısında daşıdığı məsuliyyəti dərindən dərk edən insandır.
Peşədə uğur qazanmaq üçün ən vacib üç xüsusiyyət hansılardır?
Dürüstlük, məsuliyyət və davamlı özünüinkişaf.
Bir sözlə jurnalistika?
Məsuliyyət.
Çünki jurnalistika cəmiyyətin etibarını daşıyan böyük bir missiyadır və bu yolu seçən insan hər zaman peşəkar tarazlığını qorumalıdır.
Həyat və peşə yolunuzda sizə ən çox təsir edən insan kim olub?
Həyat yolunda qarşıya çıxan hər bir insan müəyyən iz buraxıb. Bununla belə, peşəkar və mənəvi baxımdan ən böyük təsir atamdan gəlib.
O, peşəkar jurnalist idi. Sözə hörməti, həqiqətə xidmət etməyi, əqidəli, vicdanlı və dürüst olmağın əhəmiyyətini ilk dəfə ondan öyrənmişəm. Mənə bəxş etdiyi mənəvi irs bu gün də həm həyatımın, həm də peşə fəaliyyətimin əsas istiqamətləndirici prinsiplərindəndir.
Xəbər, reportaj, yoxsa analitik yazı?
Analitik yazı.
Çünki hadisələrin yalnız görünən tərəfi deyil, onların səbəblərini, nəticələrini və cəmiyyətə təsirini araşdırmaq daha maraqlıdır. Bu yanaşma həm hüquqşünas kimi formalaşmağımdan, həm də müxtəlif dövlət qurumlarında qazanılmış peşəkar təcrübədən irəli gəlir.
Oxucularımıza vermək istədiyiniz mesaj nədir?
İnformasiyanı qəbul edərkən tələsməyin. Hər xəbərə dərhal inanmayın, mənbəni yoxlayın, müxtəlif baxışları müqayisə edin və yalnız faktlara əsaslanaraq nəticə çıxarın.
Unutmayaq ki, güclü cəmiyyət yalnız doğru və etibarlı informasiya üzərində qurula bilər. Həqiqət isə hər zaman məsuliyyət tələb edir.
Fürsətdən istifadə edərək Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistikasının inkişafına töhfə verən bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayıram.
Eyni zamanda, peşəkar jurnalistikanın formalaşmasına və inkişafına xidmət etmiş, bu gün aramızda olmayan bütün qələm sahiblərinin əziz xatirəsini dərin ehtiramla yad edirəm. Onların Azərbaycan mətbuatına bəxş etdikləri zəngin irs, peşəkarlıqları və həqiqətə sədaqət nümunələri gələcək nəsillər üçün də daim örnək olaraq qalacaq.
Çox sağ olun!
Sizdə sağ olun.
Rezonans.az









