Azərbaycan sülhün və həmrəyliyin ünvanıdır

Azərbaycan sülhün və həmrəyliyin ünvanıdır

Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarının Cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi Azərbaycanın Türk dünyası, İslam aləmi və Qafqazdakı mövqeyinin bir daha nümayişi oldu. Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının toplantısı və Seyid Yəhya Bakuvi ilə bağlı beynəlxalq konfransın eyni vaxtda Bakıda keçirilməsi də təsadüfi deyil. Bu tədbirlər Azərbaycanın müxtəlif coğrafiyaları və dini-mədəni çevrələri bir araya gətirən mühüm platformaya çevrildiyini göstərir. Cənab Prezident görüşdə Azərbaycanın bu mövqeyini çox aydın ifadə etdi: “Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir.” Bu iki istiqamətin kəsişdiyi nöqtədə yerləşən Azərbaycan son illərdə həm Türk dünyasının inteqrasiyasına, həm də Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşmasına xüsusi diqqət göstərir. Cənab Prezident İlham Əliyev dini liderlərin bir araya gəlməsinin mühüm mesaj daşıdığını vurğulayaraq bildirdi: “Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək.” Bu fikir Azərbaycanın dini həmrəyliyə yanaşmasının mahiyyətini də ortaya qoyur. Bakı dini liderlərin yalnız mənəvi məsələləri müzakirə etdiyi deyil, sülh və əməkdaşlıq ideyasını gücləndirdiyi bir mərkəzə çevrilir. Görüşdə Qarabağ mövzusu da xüsusi yer tutdu. Cənab Prezident beynəlxalq qonaqların Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcəyini xatırladaraq onların həm işğalın ağır nəticələrini, həm də bu gün Qarabağda aparılan genişmiqyaslı quruculuq işlərini görəcəklərini bildirdi. “Bunu indi bütün dünya görür - viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər”, - deyə dövlətimizin başçısı qeyd etdi. Bu gün həmin mənzərə dəyişir. İşğaldan azad edilmiş ərazilərdə həyat yenidən qurulur, insanlar doğma torpaqlarına qayıdır. Cənab Prezident İlham Əliyev bildirdi ki, artıq Qarabağ və Şərqi Zəngəzurda 48 şəhər və kənddə 90 mindən çox insan yaşayır. Onun sözləri ilə desək, “həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir.” Bu, Qarabağ məsələsinin yeni mərhələsidir. Vaxtilə dünyaya işğal olunmuş torpaqların qaytarılmasının mümkün olmadığı təlqin edilirdi. Azərbaycan isə öz gücü və iradəsi ilə bu yanaşmanı dəyişdi. Cənab Prezidentin çıxışında vurğuladığı kimi, “Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı.” Bu gün həmin qələbənin nəticələri Qarabağın şəhər və kəndlərində, yeni yollarında, məktəblərində, yaşayış məhəllələrində görünür. Cənab Prezident İlham Əliyev sülh məsələsinə də xüsusi diqqət çəkdi. Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdiyini bildirən Cənab Prezident eyni zamanda tarixi yaddaşın qorunmasının vacibliyini vurğuladı: “Bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq.” Lakin sülh keçmişin unudulması demək deyil. Dövlətimizin başçısı bunu da açıq şəkildə söylədi: “Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək.” Bakıda keçirilən bu görüşün əsas mesajı da məhz burada ortaya çıxır. Azərbaycan müharibədən sonra yalnız quruculuq aparan ölkə deyil, eyni zamanda sülhün, əməkdaşlığın və həmrəyliyin tərəfdarı kimi çıxış edir. Türk dünyasının və İslam aləminin nümayəndələrinin Bakıda toplanması Azərbaycanın bu proseslərdə artan rolunu göstərir. Cənab Prezidentin sözləri ilə desək, “Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir.” Bu gün Bakının beynəlxalq əhəmiyyəti də məhz bundan qaynaqlanır. Azərbaycan öz tarixini və milli dəyərlərini qoruyaraq gələcəyə baxır, Qarabağda həyat qurur, Türk dünyası ilə əlaqələri möhkəmləndirir, İslam həmrəyliyinə töhfə verir və regionda davamlı sülh üçün öz mövqeyini ortaya qoyur. Bakıdan verilən mesaj sadə və aydındır: müharibənin yerini quruculuq, qarşıdurmanın yerini əməkdaşlıq, köçün yerini qayıdış tutmalıdır. Azərbaycanın bugünkü siyasətinin əsas istiqaməti də məhz budur. 

İlqar Kərimov
YAP Tovuz 
rayon təşkilatının sədr müavini

Xəbəri paylaş: