Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına növbəti səfəri beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə tanımasının daha bir əyani sübutuna çevrildi. Xarici diplomatların bu tarixi torpaqlarda addımlamaları, aparılan nəhəng quruculuq işləri və mədəni-tarixi irslə yerindəcə tanış olmaları beynəlxalq hüququn təntənəsi kimi dəyərləndirilməlidir. Lakin bu təqdirəşayan addım Ermənistan cəmiyyətində və siyasi elitasında növbəti qıcıq, dözümsüzlük və revanşizm dalğası yaratmışdır. Ermənistan tərəfinin göstərdiyi bu qəbuledilməz reaksiya regionda davamlı sülhün bərqərar olmasına böyük təhlükə törətməklə yanaşı, rəsmi İrəvanın əsl niyyətini bir daha faş edir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycan Respublikasının ayrılmaz, suveren ərazisidir. Xarici dövlətlərin diplomatik nümayəndələrinin Azərbaycan dövlətinin dəvəti və təşkilatçılığı ilə ölkəmizin istənilən bölgəsinə səfər etməsi müstəsna olaraq Azərbaycanın daxili işidir. Ermənistan cəmiyyətinin və müxtəlif siyasi dairələrinin xarici diplomatları Azərbaycanın suveren ərazisinə səfər etdiklərinə görə hədəfə alması, onları informasiya müstəvisində "linç etməyə" cəhd göstərməsi tamamilə qanunsuzdur. Bu davranış Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə verdiyi bəyanatlarla kəskin ziddiyyət təşkil edir. Beynəlxalq hüquq norma və prinsiplərinə tamamilə zidd olan bu reaksiya Azərbaycanın daxili işlərinə birbaşa və kobud müdaxilə cəhdidir. Xarici diplomatların bu səfərdə iştirakı göstərdi ki, onların təmsil etdikləri dövlətlər Azərbaycanın suverenliyini tam dəstəkləyir və Ermənistanın bu cür əsassız iddialarına əhəmiyyət vermirlər. Ermənistan cəmiyyəti və təbliğat maşını uzun illərdir ki, regionun tarixi-mədəni xəritəsini təhrif etməklə məşğuldur. Gəncəsər və Xudavəng kimi qədim alban məbədlərini utanmadan "erməni irsi" kimi qələmə verməyə çalışan İrəvan, eyni zamanda müasir Ermənistan ərazisində – əzəli Azərbaycan torpaqlarında xalqımıza məxsus zəngin mədəniyyət abidələrinin varlığını kökündən inkar edir. Formalaşdırılmağa çalışılan saxta narrativə görə, guya Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin Ermənistan ərazisində azərbaycanlılar heç vaxt olmayıb. Bu, açıq-aşkar şovinist və rasist yanaşmanın təzahürüdür. Eynilə, Qafqaz Albaniyası irsinə qarşı nümayış etdirilən dözümsüzlük də irqçiliyin bariz nümunəsidir. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu və onun zəngin mədəniyyəti dünya tarix elmində sübut olunmuş inkarolunmaz həqiqətdir. Ermənistanın bu tarixi faktları inkar etməsi onun tarixi həqiqətlərə dözümsüzlüyünü göstərir. Birmənalı olaraq bəyan edilməlidir ki, Azərbaycan Respublikasının ərazisində yerləşən bütün tarixi, dini və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlətimiz tərəfindən yüksək məsuliyyətlə qorunur və bərpa edilir. Ermənistanda revanşist əhval-ruhiyyə yalnız radikal müxalifət dairələri ilə məhdudlaşmır. Təhlillər və faktlar göstərir ki, diplomatların səfərinə qarşı təşkil edilən informasiya hücumlarının və nifrət kampaniyasının arxasında birbaşa Ermənistanın mövcud hakimiyyəti dayanır. Sosial şəbəkələrdə və mediada yayılan hücum xarakterli məlumatların məhz hakim partiyaya yaxın resurslar və informasiya rıçaqları tərəfindən dövriyyəyə buraxılması bunun bariz sübutudur. Ermənistan rəhbərliyinin və parlament nümayəndələrinin sərgilədiyi mövqe də bu revanşist siyasətin tərkib hissəsidir. Ermənistan parlamentinin sədri Ruben Rubinyanın verdiyi açıqlamalar qəbuledilməzdir və bilavasitə Azərbaycanın suverenliyinə hörmətsizlikdir. Bununla yanaşı, 14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə baş vermiş döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi təşəbbüsü də revanşizmə xidmət edən addımdır. Həmin dövrdə sərhəddə hərbi təxribatları məhz Ermənistan tərəfi törətmiş, Azərbaycan Ordusu isə öz ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq üçün cavab tədbirləri görməyə məcbur qalmışdı. Bu cür addımlar cəmiyyətdə qisasçılıq hissəsini alovlandırmağa hesablanıb. Göz qabağında olan bu mənzərə rəsmi İrəvanın sülh danışıqlarında tamamilə qeyri-səmimi olduğunu nümayış etdirir. Faktiki olaraq, Ermənistan 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğradığı üçün sülhə məcbur edilmiş dövlətdir. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Paşinyan hakimiyyətinin sülh gündəliyini qəbul etməkdən başqa heç bir alternativi qalmamışdı. Lakin Ermənistan hakimiyyətinin dirijorluğu ilə həyata keçirilən son bəyanatlar, sosial şəbəkə kampaniyaları və diplomatik korpusun səfərini hədəf alan addımlar məqsədyönlü xarakter daşıyır. Bu destruktiv fəaliyyət rəsmi İrəvanın sülh müqaviləsinin imzalanması prosesini qəsdən ləngitmək və sülh imkanlarına zərbə vurmaq niyyətində olduğunu göstərir. Ermənistanın bu cür aqressiv və inkarçı mövqeyinin kökündə Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında zəngin sivilizasiya formalaşdırması faktını həzm edə bilməməsi dayanır. Ermənistan soydaşlarımızın min illər ərzində Qərbi Azərbaycanda (müasir Ermənistan ərazisində) yaratdığı mədəni, tarixi və dini irsi sistemli şəkildə məhv etmişdir. Tarixi yaşayış məskənlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız və memarlıq abidələrimiz yerlə-yeksan edilmiş, regionun mədəni mənzərəsi saxtalaşdırılmışdır. Azərbaycanlıların izlərini silməyə yönəlmiş bu vandallıq aktları dözümsüzlük və irqçiliyin ən üst həddidir. Ermənistanın bu əməlləri beynəlxalq hüququn təməl prinsiplərini, xüsusilə də 1954-cü il Haaqa Konvensiyasını və UNESCO-nun mədəni irsin qorunmasına dair müvafiq qərarlarını kobud şəkildə pozur. Nəticə etibarilə, diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanda verilən reaksiya bu ölkənin hələ də keçmişin xülyalarından azad ola bilmədiyini nümayiş etdirir. Azərbaycan dövləti öz suveren ərazilərində quruculuq işlərini uğurla davam etdirir və regionda beynəlxalq hüquqa söykənən ədaləti bərqərar edib. Ermənistan isə revanşist bəyanatlar və tarixi təhrif etmək əvəzinə, regionda yaranmış yeni reallıqları qəbul etməli və sülh prosesinə səmimi töhfə verməlidir.
İlqar Kərimov
YAP Tovuz rayon təşkilatının sədr müavini










