Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir

Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir

Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı keçirilir. Bu, özlüyündə böyük bir beynəlxalq tədbirdir. Eyni zamanda, bu günlərdə Bakıda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir və çoxlu qonaqlarımız bu konfransda iştirak edirlər. Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır.

Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir. Bizim tədbirlərdə bir çox ölkələrdən dini liderlər iştirak edirlər. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, bu gün Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak edirlər. Yəni bu, birliyin nümunəsidir. Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir. Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır. Seyid Yəhya Bakuvi ilə bağlı beynəlxalq konfransın dini liderlərin toplantısı ilə eyni vaxtda keçirilməsi də çıxışda təsadüfi hal kimi deyil, Azərbaycanın tarixi-mədəni irsinin İslam dünyası ilə əlaqələndirilməsi baxımından təqdim olunur. Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin xatırlanması Azərbaycanın öz mədəni irsini daha geniş İslam və Türk dünyasının tarixi kontekstində təqdim etmək niyyətini göstərir. Çıxışın digər mühüm xətti İslam həmrəyliyidir. Burada həmrəylik yalnız siyasi bəyanat səviyyəsində deyil, müxtəlif ölkələrin dini liderlərinin bir araya gətirilməsi, beynəlxalq tədbirlərin keçirilməsi və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq kimi praktiki fəaliyyətlərlə əlaqələndirilir. 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının xatırlanması da bu yanaşmanın nümunəsi kimi təqdim edilir. Bununla yanaşı, dini liderlərin sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmaya çağırışlarının cəmiyyətlərə təsir göstərə biləcəyi fikri irəli sürülür. Çıxışın ən geniş hissəsi Qarabağ məsələsinə həsr olunub. Prezident burada 30 illik işğal dövrünün nəticələrini, məcburi köçkünlük problemini, dağıntıları və dini-mədəni irsə dəymiş zərəri diqqətə çatdırır. Bu mövzunun məhz müxtəlif ölkələrdən gəlmiş dini liderlərin qarşısında səsləndirilməsi Azərbaycanın Qarabağla bağlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından ayrıca əhəmiyyət daşıyır. Eyni zamanda, çıxış yalnız dağıntıların təsviri ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və məskunlaşdırma işləri də ön plana çəkilir. Ağdam məscidinin bərpa prosesində ilk obyektlərdən biri kimi təqdim edilməsi və digər məscidlərin yenidən qurulmasının qeyd olunması dini-mədəni irsin bərpasının ümumi quruculuq siyasətinin tərkib hissəsi olduğunu göstərir. “Böyük Qayıdış” proqramının qeyd edilməsi isə postmünaqişə siyasətinin əsas istiqamətlərindən birinin keçmiş məcburi köçkünlərin doğma yaşayış yerlərinə qayıdışının təmin edilməsi olduğunu göstərir. Çıxışın diqqət çəkən tərəflərindən biri də müharibə ilə sülh arasında qurulan əlaqədir. Prezident 2020-ci il müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin seçildiyini vurğulayır. Burada əsas arqument ondan ibarətdir ki, hərbi nəticədən sonra siyasi gündəliyin sülh istiqamətinə yönəldilməsi regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından vacibdir. Eyni zamanda, çıxışda münaqişə nəticəsində yaranmış tarixi yaddaşın qorunmasının vacibliyi də xüsusi vurğulanır. Beləliklə, sülh çağırışı ilə tarixi hadisələrin yaddaşda saxlanılması arasında paralel xətt yaradılır. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın həm İslam dünyası, həm də türk dövlətləri arasında əməkdaşlıq və dialoqun təşviqində fəal rol oynamaq niyyətinin ifadə olunmasıdır. Gələn il Bakıda keçirilməsi nəzərdə tutulan İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü bu baxımdan mühüm beynəlxalq platforma kimi təqdim edilir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkənin İslam dünyası ilə münasibətlərinin inkişafı, üzv dövlətlər arasında siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı dialoqun gücləndirilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Eyni zamanda, Bakının belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın müxtəlif regional və beynəlxalq platformalar arasında dialoqu təşviq edən tərəf kimi mövqeyini nümayiş etdirmək baxımından da əhəmiyyət daşıyır. Dövlətimizin başçısının görüşdəki çıxışı ölkəmizə qarşı daim qərəzli mövqedə dayanan qüvvələrin açıq şəkildə ifşa olunması baxımından da əhəmiyyətlidir. Belə dairələrdən biri də Avropa Parlamentidir. Bu qurumun ayrı-ayrı nümayəndələri uzun müddətdir ki, müxtəlif korrupsiya və rüşvət iddiaları fonunda, antiazərbaycan qüvvələrinin təsiri və təklifləri müqabilində ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirirlər. 

Arifə Abbasova

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: